Politoloq: Prezident İlham Əliyevin verdiyi təkliflər son dərəcə funksional və praqmatikdir
Bakı, 12 yanvar, AZƏRTAC
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə ötən ilin nəticələrinə həsr olunmuşdu. Ancaq Prezident İlham Əliyev elə bir atmosfer formalaşdırdı ki, biz geniş formatda suallar səsləndirə bildik. Çünki Azərbaycan üçün çox vacib məqamlar, problemli məsələlər də var ki, dövlətimizin başçısı onların hamısına müfəssəl və əhatəli cavablar səsləndirdi. Mən orada bu fikri ifadə etdim ki, biz informasiya bolluğu şəraitində yaşayırıq, ancaq həqiqətin qıtlığı da müşahidə olunur. Bu baxımdan Prezident İlham Əliyevin cavabları demək olar bütün qaranlıq məqamları işıqlandırdı. İlk növbədə, bu, Qarabağın gələcəyi ilə bağlıdır ki, ermənilər, onların havadarları Azərbaycanı soyqırımı siyasəti yürütməkdə ittiham etməyə çalışırlar.
Bunu AZƏRTAC-a açıqlamasında politoloq Tofiq Abbasov söyləyib.
Politoloq bildirib: “Açıq-aşkar görünür ki, Fransa və bəzi digər ölkələr Azərbaycanın əl-qolunu bağlamağa, vacib layihələrin həyata keçirilməsinin qarşısını almağa təşəbbüs göstərirlər. Söhbət Zəngəzur dəhlizindən, yeni kommunikasiya xətlərinin açılmasından gedir. Bunlar təkcə Azərbaycanın xeyrinə deyil, eyni zamanda, digər ölkələrin də maraqlarına xidmət göstərəcək. Amma bəzi hallarda görürük ki, bir çox ölkələr, onların liderləri Azərbaycanın uğurlu siyasətini açıq-aşkar həzm edə bilmirlər. Elə Fransa Prezidenti Emmanuel Makron da onlardan biridir. Prezident İlham Əliyev bu məsələni gündəmə gətirdi və dedi ki, bəli, onlar Azərbaycanın uğurlu siyasətini qəbul edə bilmirlər və bizim üçün maneələr törətməyə çalışırlar. Digər tərəfdən bəlli məsələdir ki, dəhlizlər mübarizəsi gedir. Məsələn, dövlətimizin başçısının verdiyi təkliflər son dərəcə funksional və praqmatikdir. Yəni, biz ən qısa yollardan istifadə edirik ki, Şərqlə Qərb, Şimalla Cənub arasında sərbəst marşrutlar olsun. Bunun nəyi pisdir? Ancaq gizlincə dağıdıcı işlər görənlər öz niyyətlərini reallaşdıracaqlarını düşünürlər və onların niyyətləri bizim sağlam məramımızla ziddiyyət təşkil edir”.
O bildirib ki, siyasi lider həm dövlətçilik mövqeyindən çıxış etməli, bütün müsbət və mənfi tendensiyaları nəzərdə saxlamalı, əlverişli əlaqələr qurmalıdır. Biz bunları Prezident İlham Əliyevin timsalında görürük ki, dövlətimizin başçısı necə münbit şərait formalaşdırır. O şəraitin məziyyətlərini təkcə biz özümüzdə hiss etmirik, bunu qonşularımız da, tərəfdaşlarımız da deyir. Xatırlatmaq lazımdır ki, Serbiya Prezidenti Aleksandar Vuçiç öz ölkəsində dövlətimizin başçısını salamlayaraq ona səmimi etirafını etdi və dedi ki, Prezident İlham Əliyevin sözü onlar üçün qanundan üstündür. Bu, həqiqətdir.
“Dünənki müsahibədə bütün mesajlar səsləndirildi, bu mesajlarda Ermənistana da çox böyük pay düşür. Bildirildi ki, Qərbi Azərbaycan məsələsini nahaq yerə gündəmə gətirməmişik. Prezident İlham Əliyev bu məsələdə qətiyyətlidir və o qətiyyətin arxasında tarixi, mənəvi haqq durur. Çünki soydaşlarımız qurub-yaratdıqları torpaqları kiminsə istəyi, məkrli münasibəti ucbatından tərk etməli olublar. Buna bəraət qazandırmaq mümkündürmü? Xeyr! Bir yığın erməninin az qala maraqları və hüquqları kosmik səviyyəyə qaldırılır, ancaq yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından qovulub, etnik təmizləmə həyata keçirilib və deyilir ki, bu, bizim torpaqlarımızdır. Azərbaycan artıq hərtərəfli tərzdə onların cavablarını verdi ki, ermənilər yalandan başqa heç nə bilmir, miflər qurur və bütün dünyanı Azərbaycana qarşı qaldırır”, - deyə Tofiq Abbasov vurğulayıb.
Politoloq diqqətə çatdırıb ki, sosial-iqtisadi zəmində, humanitar sahədə Azərbaycanın çox böyük uğurları var. Prezident İlham Əliyev də dedi ki, sosial proqramlar tam həcmdə həyata keçiriləcək. Çünki dövlətimizin başçısının əsas istinad yeri onun xalqıdır. Bu illər ərzində xalqla ordu, xalqla dövlət arasında çox sıx vəhdət yaranıb. Vətən müharibəsində Zəfərdən sonra çox sevincli idik, çünki biz həm dünya qarşısında zərərçəkən idik, həm də bizə qarşı yönəlmiş yalanların qurbanına çevrilmişdik. Qələbəmiz bizim başımızı uca etdi. Biz indi dünya qarşısında alnıaçıq, üzüağıq. Ona görə də Prezident İlham Əliyev həm Azərbaycanda, həm də Azərbaycandan kənarda böyük nüfuza sahibdir. Çünki dövlətimizin başçısı sözünə əməl edir, insanları düz yola çəkir və qarşıya qoyduğu məqsədlər də, hədəflər də bizim təkcə bu günümüz deyil, həm də gələcəyimiz üçündür. Biz bir daha gördük ki, ordu quruculuğu yerindədir, bütün tələblər yerinə yetirilir. Sosial-iqtisadi zəmində proseslər gedir. Həmçinin Azərbaycan Avropanın, Qərbin neft, qaz, elektrik enerjisi təminatında da yeni hədəfləri müəyyən edib ki, biz onların da öhdəsindən gələcəyik.
“Prezident İlham Əliyev bildirdi ki, Fransanın Azərbaycana qarşı fəaliyyət göstərməsinin əsas səbəbi bizim uğurlu siyasətimizi qəbul edə bilməmələridir. Dövlətimizin başçısı vurğuladı ki, biz Fransadan üzr istəməyəcəyik, onlar bizdən üzr istəməlidirlər. Çünki bizim onların qarşısında heç bir borcumuz da yoxdur, mənəvi cəhətdən də biz haqlıyıq.
Azərbaycan Prezidenti dövlət siyasətini elə qurub ki, biz bütün dünya qarşısında gözükölgəli yox, üzüağıq. Bu baxımdan dünənki bütün mesajlar ünvanlara çatıb. Biz informasiya savaşında da artıq üstünlüklər əldə etmişik. Bu, bizim böyük uğurumuzdur, bu uğurun önündə isə Prezident İlham Əliyev gedir. Dövlətimizin başçısının müsahibələri, şərhləri, açıqlamaları həmişə diqqət mərkəzindədir, çünki onlar sağlam ruhla ifadə olunur. Biz heç bir şeydən çəkinmirik, qorxmuruq, ölkəmizin bütün sahələrdə aydın, şəffaf yanaşmaları və siyasəti var. Bu siyasətin uğurlarını yaxın zamanlarda da görəcəyik”, - deyə Tofiq Abbasov əminliklə vurğulayıb.