Polşa Ukraynadan gələn məhsullar üçün sərhədi bağlamayacaq
Bakı, 8 mart, AZƏRTAC
Polşa hökuməti Ukraynadan gələn məhsullar üçün sərhədi bağlamaq və Avropa İttifaqının (Aİ) “yaşıl kurs”undan tamamilə imtina etmək niyyətində deyil.
AZƏRTAC xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk jurnalistlərə açıqlamasında deyib.
Bildirilib ki, Tuskun fermerlərin nümayəndələri ilə görüşü planlaşdırılır. Daha əvvəl o, məhsulların daşınması üçün Ukrayna ilə sərhədin tamamilə bağlanması məsələsinin nəzərdən keçiriləcəyini söyləmişdi.
“Mən gizlətmirəm və təkrar edə bilərəm ki, “Yaşıl kursu” dayandırın, Ukraynanı bloklayın” formatında səslənən postulatlar mənim üçün qəbuledilən deyil. Mən indi Polşa fermerinin özünü zəif və köməksiz hiss etməməsi üçün “yaşıl kurs” qeydlərini necə uğurla dəyişdirmək və Polşa istehsalçılarını qeyri-bərabər rəqabətdən uğurla qorumaq üçün Ukrayna ilə ticarət dövriyyəsini necə tənzimləmək barədə danışmaq istəyirəm”, - Tusk qeyd edib. O deyib ki, yalnız simvolik addımlar atmaq niyyətində deyil.
“Üstəlik, şənbə günü fermerlərin nümayəndələrinə deyəcəyəm ki, simvolik hərəkətlər, məsələn, Ukrayna ilə sərhədi bir neçə gün bağlamaq mənim üçün əhəmiyyət kəsb etmir”, - o bildirib: “Əgər kimsə etiraz etmək istəyirsə, bu, onun hüququdur. Yalnız dünən nümayişdəki bəzi iştirakçılar kimi qaydaları pozmaq lazım deyil”.
Çərşənbə günü fermerlərin küçə etirazı zamanı aksiya iştirakçıları aqressiv davranıblar. Baş nazirin ofis binasının yaxınlığında etirazçılar polislə toqquşmalara səbəb olub, şinləri yandırıb və binaya yanan əşyalar atıblar. Seym binasının yaxınlığında səki daşlarını sökərək polisə atıblar, bir neçə polis əməkdaşı xəsarət alıb.
Polşada fermerlərin etiraz aksiyaları fevralın əvvəlindən keçirilir. Etirazçıların əsas tələbləri Polşaya Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalının dayandırılması və 2050-ci ilə qədər atmosferə sıfır tullantıların atılmasını nəzərdə tutan Aİ ekoloji planlarından (yaşıl kurs) imtina edilməsidir.