Polşada keçirilən tədbirdə Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışılıb
Bakı, 13 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Azərbaycanın Varşavadakı səfirliyində tədbir keçirilib.
Tədbirin təşkilində səfirliklə yanaşı, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA), Dünya Azərbaycanlıları Konqresinin Polşa nümayəndəliyi də yaxından iştirak edib.
Tədbir çərçivəsində Varşavada təhsil alan azərbaycanlı gənclər şəhər mərkəzindəki Elm və Mədəniyyət Meydanından şəhərin əsas prospektlərindən keçməklə səfirliyədək Ulu Öndərin xatirəsinə həsr olunan veloyürüş təşkil ediblər.
Tədbirdə çıxış edən səfir Həsən Həsənov Ulu Öndərin Azərbaycan dövlətinin qurulması və inkişafı, ölkəmizdəki sabitlik və inkişafa nail olunması istiqamətində mühüm tarixi xidmətlərindən söz açıb. Qeyd edib ki, Ulu Öndərin müəllifi olduğu müstəqil Azərbaycanın inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Azərbaycanın Avropanın strateji tərəfdaşı kimi bir çox mühüm siyasi, iqtisadi və mədəni beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini bildirən Həsən Həsənov “Bakı-2015” birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin buna əyani misal olduğunu qeyd edib.
ASGA-nın sədri Səbuhi Abbasov ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi ən önəmli islahatlardan birinin də gənclər siyasətinin və proqramının işlənib hazırlanması olduğunu söyləyib. O, bu siyasətin bu gün də davam etdiyini və Azərbaycanda gənclərə yüksək səviyyədə diqqət və qayğı göstərildiyini əlavə edib.
Krakovdakı Yagellon Universitetinin doktorantı Amil Ağayev ümummilli lider Heydər Əliyevin gənclər siyasəti ilə bağlı çıxış edib.
Sonra Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film göstərilib.