Polşada yəhudilərə sığınacaq verən Ulma ailəsi kilsə müqəddəsləri siyahısına daxil ediləcək
Bakı, 8 sentyabr, AZƏRTAC
Sentyabrın 10-da Polşada alman işğalı zamanı yəhudiləri öz evində gizlədən və bütün üzvləri qətlə yetirilən Ulma ailəsinin kilsə müqəddəsləri siyahısına daxil edilməsi mərasimi keçiriləcək.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu tədbir beatifikasiya adlanır və Katolik kilsəsinin müqəddəsləri qismində elan edilmə mərasimini nəzərdə tutur.
Fermer və arıçı Yozef Ulma, onun arvadı Viktoriya və yeddi uşağı Markova kəndində yaşayıblar. 1942-ci ilin yayında Yozef və Viktoriya yəhudilərin qətlə yetirilməsinin şahidi olublar və yəhudiləri bacardıqları qədər gizlətməyə qərar veriblər.
Onların evində altı nəfərdən ibarət ailə və digər bir ailədən olan iki bacı gizlənə bilib. Qonşuları Ulma ailəsinin bu hərəkətindən donos veriblər, onların evinə gestapo gəlib və çardaqda gizlənən bütün yəhudilər qətlə yetirilib. Daha sonra Ulma ailəsi, o cümlədən onların azyaşlı uşaqları və doğulmamış körpəsi güllələnib. Viktoriya o vaxt yeddi aylıq hamilə olub.
Ulma ailəsinə Dünya Xalqlarının Salehləri titulu hələ 1995-ci ildə verilib, iki gün sonra isə Katolik kilsəsi onları müqəddəs elan edəcək. Mərasim bu ailənin yaşadığı və əzabla qətlə yetirildiyi Markova kəndində keçiriləcək.
Polşada yəhudiləri xilas edən polşalıların xatirəsinə həsr edilmiş muzey fəaliyyət göstərir və o, Ulma ailəsinin adını daşıyır.