Praqada çex klassiklərinin Azərbaycan dilinə tərcümə olunmuş hekayələr toplusunun təqdimatı olub
Bakı, 15 dekabr, Anara Axundova, AZƏRTAC
Praqanın mərkəzində, Azərbaycan Mədəniyyət Evində Azərbaycan dilinə tərcümə olunmuş yeni “Klassik çex hekayələri” kitabının təqdimatı keçirilib. Layihənin təşəbbüskarları kitabın redaktorları, Karlova Universitetinin Fəlsəfə fakültəsinin dosenti İvana Bozdyexova və diplomat, yazıçı Yaroslav Olşadır.
AZƏRTAC xəbər verir ki, kitab Çexiya Mədəniyyət Nazirliyinin və Çexiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə nəşr olunub. Kitabın tərcüməçisi Şəbnəm Əsədova Praqadakı Azərbaycan Mədəniyyət Evinin bazar günü məktəbində Azərbaycan dili müəllimidir.
Azərbaycanın Çexiyadakı səfiri Yaşar Əliyev bütün layihə iştirakçılarını yeni kitabın nəşri münasibətilə təbrik edərək, onun mədəni diplomatiyadakı əhəmiyyətini qeyd edib.
“Bu təqdimatı Azərbaycan Mədəniyyət Evimizin divarları daxilində təşkil etmək və əfsanəvi Martin Vopiyenko da daxil olmaqla müasir klassiklərlə tanış olmaq bizim üçün böyük şərəf idi”, - deyə Azərbaycan Mədəniyyət Evinin direktoru Leyla Begim vurğulayıb.
Gecəni İvana Bozdyexova aparıb. O, klassiklərdən sitat gətirib, şeir oxuyub və Martin Vopiyenko və Yuliya Novakova ilə qısa müsahibə aparıb.
Çıxışında Yaroslav Olşa deyib: “Bir çox ölkələrdə səfir olaraq işləyərkən dərk etdim ki, ölkədə cəmi dörd il qalaraq, mədəniyyətdə edə biləcəyin ən əhəmiyyətli addım - kitab nəşr etməkdir. Nəşr olunmuş kitab zamandan kənarda yaşayır”.
İvana Bozdyexova çıxışında toplumun tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Bu, çex dilindən Azərbaycan dilinə ilk birbaşa tərcümədir. İndiyə qədər Azərbaycan oxucuları çex ədəbiyyatı ilə əsasən rus dili vasitəsilə tərcümələrdə tanış olurdular. Redaktorların məqsədi çex ədəbiyyatının bədii müxtəlifliyini və orijinallığını əks etdirən nümunəvi əsərlər seçmək idi”.
Topluya Yaroslav Haşek (1883–1923), Frans Kafka (1883–1924) və Karel Çapek (1890–1938) kimi görkəmli və beynəlxalq səviyyədə tanınmış yazıçıların əsərləri daxil edilib.
Xatırladaq ki, kitabın ilk təqdimatı Bakıda, Çexiyanın Azərbaycandakı səfirliyində baş tutub.