İDMAN
Premyer Liqa: “Sabah” doğma meydanda “Sumqayıt”a qalib gəlib
Bakı, 25 avqust, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun növbəti görüşləri keçirilib.
AZƏRTAC xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma baş tutub.
“Sabah” Masazırda yerləşən Bank Respublika Arenada “Sumqayıt”ı qəbul edib. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Paytaxt təmsilçisinin heyətində 10-cu dəqiqədə Namik Ələskərov, 43-cü dəqiqədə Pavol Safranko, 54-cü dəqiqədə Cesse Sekidika fərqləniblər. Sumqayıtlıların yeganə qoluna isə 77-ci dəqiqədə Fernando Da Silva imza atıb.
Günün digər matçında “Şamaxı” səfərdə “Zirə” ilə üz-üzə gələcək. Zirə İdman Kompleksinin stadionunda oynanılacaq görüş saat 20:30-da start götürəcək.
Qeyd edək ki, turun əvvəlki matçlarında “Səbail” “Kəpəz”ə 4:0, “Turan Tovuz” “Qarabağ”a 1:0 hesabı ilə qalib gəlib. “Araz-Naxçıvan” və “Neftçi” komandaları arasında keçirilən qarşılaşma isə 1:1 hesablı heç-heçə ilə nəticələnib.