SİYASƏT
Prezident İlham Əliyev Azərbaycanın uğurlarını daha böyük müstəviyə daşıyan baxışlar sərgiləyir
![Prezident İlham Əliyev Azərbaycanın uğurlarını daha böyük müstəviyə daşıyan baxışlar sərgiləyir](/files/2023/1/1200x630/16736088114342227694_1200x630.jpeg)
Bakı, 13 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibə, sözün həqiqi mənasında, tarixi xarakter daşıyır. Çünki bu müsahibə çox strateji baxışlı müsahibə idi. Prezident İlham Əliyev iqtisadi formatlı Davos, təhlükəsizlik xarakterli Münxen və digər beynəlxalq tribunalar kimi Cənubi Qafqazda da bu cür diplomatik, siyasi və ümumiyyətlə regionun gələcəyi ilə bağlı daimi model yaradır. Həmin gün İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyan da media təmsilçiləri ilə görüş keçirmişdi və orada söylənən hər bir tezis Ermənistanın təhlükəsizliyinə zərbə vurmaqda idi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc söyləyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin müsahibəsindəki strateji xarakterli baxışlar şübhəsiz ki, Davos Forumundan əvvəl əsas kontur ideyalar oldu. BMT-nin Təhlükəsizlik Şurasının (TŞ) beş daimi üzvü İkinci Dünya müharibəsinin nəticəsidir. Artıq qlobal dünya yeni nizama daxil olur. Otuz il bundan əvvəl biz regionda müxtəlif dövlətlərdən dünyaya çıxmaq üçün adi bir dəhliz istəyirdik. İndi Azərbaycan həmin dövlətlər üçün təkcə nəqliyyatın yox, həm də iqtisadiyyatın, siyasətin, diplomatiyanın qovşağı kimi rol oynayır.
“Dövlətimizin başçısı, əslində, media təmsilçilərinin fonunda dünya mediası, beyin mərkəzləri, siyasi institutlar, ayrı-ayrı dövlətlərlə çox unikal dialoq apardı. Bu, sadəcə, müsahibə deyil, sözün həqiqi mənasında, strateji planların yerbəyer edilməsi oldu və dövlətimizin başçısı 14 mühüm mövzu üzrə fundamental ideyalarını söylədi. Dövlətin kursu bəllidir: Azərbaycan 2020-2022-ci illər arasında əldə etdiyi hərbi, strateji və siyasi uğurları qoruyub saxlamaq istəyir. Prezident İlham Əliyev Ermənistanı istisna edən, Azərbaycanın iqtisadi, hərbi, təhlükəsizlik uğurlarını daha böyük müstəviyə daşıyan baxışlar sərgiləyir. Prezident İlham Əliyev dünya liderlərindən biridir. Azərbaycan öz coğrafi miqyasını qat-qat aşan siyasətin daxilindədir. Bu, dövlətimizin başçısının baxışları hesabınadır. Bizim diplomatik korpuslar, diasporumuz da Prezident İlham Əliyevin bu müsahibəsini daim gündəmdə saxlamalıdır”, - deyə Z.Oruc qeyd edib.
Deputat bildirib ki, bu il ölkəmizdə hələ 2022-ci ildə bir sıra sahələrdə tam gerçəkləşdirilməmiş layihələr tamamlanacaq. Kəlbəcərdən Zəngilanadək qayıdış üçün addımlar atılacaq, Böyük Qayıdışın yalnız Ağalı kəndi üzərindən deyil, daha böyük miqyasını artıracaq.
“Hesab edirəm ki, Prezident İlham Əliyevin toxunduğu hər bir məsələ həm daxili, həm də beynəlxalq müstəvidə ciddi müzakirə mövzusu olacaq. Dövlətimizin başçısı daha açıq siyasət yürütməkdədir. Bizim üçün hazırkı reallıqda bütün hakimiyyət qolları, beynəlxalq tərəfdaşlarımızla görülən işlər, hərbi əlaqələr, Ordumuzun güclənməsi, Vətən müharibəsindəki Qələbədən sonra onun eyforiyasına qapılmadan zəif yerləri aradan qaldırmaq üçün hər bir sahə dərindən təhlil edilməlidir. Əminəm ki, Prezident İlham Əliyevin bu cür müsahibələrindən sonra bütün müvafiq dövlət və hökumət orqanları üçün konspekt formalaşdırılır ki, qarşıya hansı vəzifələr qoyulub”, - deyə Zahid Oruc diqqətə çatdırıb.