Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın əsas prinsiplərini dünyaya bəyan etdi
Bakı, 13 yanvar, AZƏRTAC
Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində çox vacib məqamlara toxundu. Dövlətimizin başçısı bu müsahibəsi ilə Azərbaycanın gələcək hədəflərini daxili və beynəlxalq ictimaiyyətə çatdırmış oldu. Biz başa düşürük ki, Azərbaycan nəinki onillikləri, hətta yüzillikləri əhatə edəcək proseslərin içindədir. Prezident İlham Əliyev bu proseslərin önündə şəxsən dayanır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində Qarabağ və Şərqi Zəngəzur torpaqlarını işğaldan azad etdi. Bu dəfə isə həmin müharibənin yaratdığı reallıqlar nəticəsində Qələbə statusunu möhkəmləndirmək və tarixi torpaqlarımıza qayıdışdan söhbət gedir. Biz bilirik ki, Qarabağ elə bir bölgədə yerləşir ki, qlobal və regional güclərin çox qısqanclıqla yanaşdığı coğrafiyadır. ABŞ-da olan bəzi qüvvələrlə hazırda dünyanın beynəlxalq münasibətlər sistemi siyasi və iqtisadi libasını dəyişdirmək istədiyi bir dövrdə, Ukrayna və Şərqi Avropadan sonra həmin o rəqabət Cənubi Qafqaza sıçrayacaq. Burada artıq uzaqgörən və rasional düşüncə çox vacibdir ki, xoşbəxtlikdən Prezidentimiz bütün bu xüsusiyyətlərə malikdir. Bunu biz bir çox hallarda görmüşük və görməyə də davam edəcəyik.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri politoloq Zaur Məmmədov söyləyib.
Onun sözlərinə görə, hazırda bildiyimiz digər çağırışlar var ki, onların hamısı həll ediləcək. Əlbəttə ki, Prezidentimizin Qərbi Azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıdacağı ilə bağlı səsləndirdiyi fikirlər Ermənistana ciddi mesaj olmalıdır. Ermənistan sülh müqaviləsini imzalamaq və Qarabağı Azərbaycan ərazisi kimi tanımaq istəmirsə bu İrəvan üçün müsbət nəticə verməyəcək.
“Prezident İlham Əliyevin dediyi kimi, 2023-cü il Ermənistan üçün sülh danışıqlarında sonuncu şans ilidir. Amma Nikol Paşinyan sülh müqaviləsini imzalamamaq üçün vaxtı uzadır. O anlamalıdır ki, vaxtın uzadılması çıxış yolu ola bilməz. Ermənistan bu və ya başqa şəkildə Azərbaycanın istəklərini yerinə yetirəcəkdir. Beynəlxalq media və ekspertlər tərəfindən Prezidentin fikirlərinin diqqətlə dinlənilməsi onu göstərir ki, dövlətimizin başçısının açıqlamaları konkret və dəqiq idi. Azərbaycanın əsas prinsipləri və dövlət maraqları dünyaya, həmçinin dövlətimizin ictimaiyyətinə bəyan edildi”, - deyə Zaur Məmmədov diqqətə çatdırıb.