RƏSMİ XRONİKA
PREZİDENT İLHAM ƏLİYEV QƏBƏLƏDƏ “QAFQAZ-PARK” GƏNCLİK MƏRKƏZİNİN AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR
Qəbələ, 27 fevral (AZƏRTAC). Fevralın 27-də Prezident İlham Əliyev Qəbələdə “Qafqaz-Park” Gənclik Mərkəzinin açılışında iştirak etmişdir.
Açılışı bildirən lenti kəsən dövlətimizin başçısı əvvəlcə 900 kvadratmetr sahəsi olan süni buz meydançası ilə tanış oldu. Müasir standartlara uyğun qurulan bu meydança yerli əhalinin və turistlərin marağına səbəb olmuşdur.
Parkın ərazisini gəzən Prezident İlham Əliyevə məlumat verildi ki, ümumi sahəsi 16 hektar olan parkda müxtəlif iaşə obyektləri, üzgüçülük hovuzları, süni göllər, kafelər, uşaq əyləncə mərkəzləri inşa olunmuşdur. Ərazidə müxtəlif dekorativ ağac, kol və güllərdən ibarət yaşıllıq salınmış, orijinal fəvvarələr, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Mərkəzdə 150 nəfər işlə təmin olunacaqdır.
######