PREZİDENTİN YENİ SƏRƏNCAMININ İCRASINA BAŞLANMIŞDIR
Dövlət Komissiyasının üzvü, Ağdam rayon icra hakimiyyətinin başçısı Həsən Sarıyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, yeni Sərəncama əsasən 3674 ağdamlı məcburi köçkün ailəsi rayonun ərazisində yerləşdiriləcəkdir. Ölkə Prezidentinin bu sərəncamı ümummilli liderimiz Heydər Əliyevin qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğının məntiqi davamıdır. Rayonumuzun ərazisində yeni qəsəbələr Çəmənli, Sarıcalı, Üçoğlan, Bənövşələr, Təzəkənd, Əfətli kəndlərində salınacaq. Qəsəbələr üçün torpaq sahələri ayrılıb, hər bir ailə üçün həyətyanı sahədən əlavə, bir hektar əkin yeri də nəzərdə tutulub. Sərəncamla əlaqədar olaraq qaçqın və məcburi köçkünlərlə vaxtaşırı görüşlər keçirilir. Köçkünlər Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirləri ürəkdən bəyənir, ona dərin minnətdarlıqlarını bildirirlər. Qəsəbələrdə məskunlaşdırılacaq məcburi köçkünlər inşaat işlərinə cəlb olunacaq, məskunlaşdırıldıqdan sonra yeni iş yerləri ilə təmin ediləcəklər. Yeni qəsəbələrdə təhsil, səhiyyə, məişət və digər sosial obyektlər də inşa olunacaqdır.