PROFESSOR VALERİ QURBANOV: “BAKINI İLK MƏHƏBBƏTİM KİMİ XATIRLAYIRAM”
Azərbaycanın əməkdar artisti, hazırda İ.Karpenko-Karı adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetinin professoru və kafedra müdiri, P.Çaykovski adına Milli Musiqi Akademiyasının professoru Valeri Qurbanov on illərlə bundan əvvəl səhhəti ilə əlaqədar Bakıdan Kiyevə köçməli olmuşdur.
Görkəmli həmvətənimiz bu yaxınlarda 65 illiyini qeyd etmişdir. O, artıq neçə illərdir doğma Bakıdan uzaqda olsa da, Azərbaycan mədəniyyətini, dilini, milli adət-ənənələrimizi heç vaxt unutmur, həmişə Azərbaycan incəsənətinin dost Ukraynada səlahiyyətli nümayəndəsi kimi çıxış edir. Azərbaycan kimi, Ukrayna da həmyerlimizin istedadını və sənətkarlığını yüksək qiymətləndirmişdir. Kiyev Milli Teatr, Kino və Televiziya Universitetinin 100 illiyi münasibətilə bu yaxınlarda çapdan çıxan kitabda Valeri Qurbanov “görkəmli müğənni və rejissor” kimi təqdim olunur.
Professor AZƏRTAC-ın müxbirinə müsahibəsində demişdir: “Mən Ukraynanın əməkdar incəsənət xadimi kimi yüksək adı opera səhnəsinin professoru olduğum doğma Azərbaycanımla bölüşürəm. Bakını ilk məhəbbətim kimi xatırlayıram”.
Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev soydaşımızı bu yüksək ad münasibətilə ürəkdən təbrik etmişdir.