Azərbaycan Dövlət İnformasiya Agentliyi

Publisistik düşüncələr: Günəşli payızın qırx dörd anı

Qüdrətli sərkərdə və müdrik Prezident İlham Əliyev bizi qalib xalqa çevirdi,
bölgədə yeni reallıqlar yaratdı

Bakı, 2 dekabr, AZƏRTAC 

İlıq bir payız gecəsi başlayan Vətən müharibəmiz 44 gün çəkdi. Fikir verdinizsə, sanki təbiət də bizə tərəf idi - öz günəşi və isti nəfəsi ilə. Şəxsən mən havanın bu qədər uzun müddət sabit, küləksiz və yağmursuz keçdiyi başqa bir payız xatırlamıram. Əks-təqdirdə dağlarda döyüş çox çətin olardı.

Bizi Qarabağımıza qovuşduran günəşli payız günlərinin hər birində, hər anında kitablara sığmayan qəhrəmanlıq dastanı yazılırdı. Bu dastanı Müzəffər Ali Baş Komandan İlham Əliyev, düşmənin başına gecə-gündüz od ələyən Azərbaycan Əsgəri, yumruq kimi birləşərək bir ürək kimi vuran Azərbaycan Xalqı yazırdı.

Bu 44 gün Qarabağın 30 illik qara taleyini dəyişdi, bir milyon insanın məcburi köçkün adını silib atdı. Bizi qalib xalqa çevirdi, bölgədə yeni reallıq yaratdı...

Allah dərgahında qəbul olunan dualar

Ağdam, 23 noyabr. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam məscidinin divarını öpür, ayaqqabılarını çıxarıb içəri girirlər. Bu duyğusal mənzərəni əks etdirən videogörüntülərə təkrar-təkrar baxıram. Əziz oxucular, siz də baxın (video.azertag.az/site/video/107767). Məscidin hələ toz-torpaqdan təmizlənməmiş döşəməsində ayaq izləri qalır. Mehriban xanım əlində tutduğu “Qurani-Kərim”i öpərək Prezidentə verir. İlham Əliyev də Quranı öpüb stolun üstünə qoyur. Hər ikisi üzünü Allah dərgahına tutaraq dualar edir. 

Sonradan məlum olacaq ki, Prezident həmin “Qurani-Kərim”i Məkkədən gətirib və onu Ağdam məscidinə bağışlayıb. Öz dilindən eşitdik ki, dörd dəfə Məkkə ziyarətində olub - bir dəfə rəhmətlik atası Ulu Öndərimizlə, üç dəfə isə Prezident kimi: “Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq. Bu gün burada, vandallar tərəfindən dağıdılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Biz gücümüzü səfərbər edərək bax, bu tarixi günləri yaşayırıq. Bu, həqiqətən də tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb”.

Prezidentimizin Ağdam məscidi önündəki bu tarixi çıxışını dinləyərkən Mehriban xanımın Vətən müharibəsinin ilk günlərində etdiyi duaları xatırlayıram: “Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun! Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”.

Vaxtilə ulu öndərimiz Heydər Əliyevin Məkkəni ziyarət etməsi yadıma düşür. Jurnalistlər ondan nəyə dua etdiyini soruşanda demişdi: Qarabağ üçün, Azərbaycan və xalqımız üçün dualar etdim.

Ötən 30 ildə bütün xalqımızın, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir soydaşımızın dilində də eyni dualar səslənib. Şükürlər olsun, Qadir Allah bu duaları eşitdi. Göydə Uca Yaradanın köməyi, yerdə Prezidentimizin yenilməz iradəsi və rəşadətli Ordumuzun şücaəti sayəsində yağı düşməni diz çökdürdük. Müqəddəs Qarabağ torpağını öpmək bizə nəsib oldu...

Ata vəsiyyətini yerinə yetirən qüdrətli sərkərdə

Noyabrın 8-də Şuşa işğaldan azad olunan gün Müzəffər Ali Baş Komandan İlham Əliyev Fəxri xiyabana gedərək ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdi, Ümummilli Liderin ruhu qarşısında baş əydi. Həmin gün Şəhidlər xiyabanından xalqa etdiyi müraciətində qəlbləri riqqətə gətirən bu sözləri dedi: “...Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”. 

Bu tarixi müraciəti dinləyərkən Ulu Öndərimizin Qarabağ münaqişəsini həll etmək üçün göstərdiyi aramsız səyləri, keçirdiyi gərgin günləri, əsəb sarsıntılarını xatırladım. Mən Heydər Əliyevin dövlətçilik fəaliyyətinin demək olar, bütün məqamlarını, eləcə də xarici səfərlərini, dövlət və hökumət başçıları ilə görüşlərini, münaqişənin həlli ilə bağlı apardığı çoxsaylı danışıqları işıqlandıran jurnalistlərdən biri kimi bütün bunların şəxsən şahidiyəm. İlk vaxtlar xaricə səfər edəndə özü ilə xəritə götürür, böyük auditoriyalarda görüşləri zamanı Qarabağın kimə məxsus olduğunu xəritə üzərində səbirlə izah edirdi. O vaxtlar dünyada bir çoxlarında, hətta siyasətçilərdə erməni lobbisinin təsiri altında yanlış təsəvvürlər formalaşmışdı və Ulu Öndər Qarabağ haqqında əsl həqiqəti çatdırmaq üçün hər bir mümkün vasitəyə əl atmalı olurdu. Həyatının sonlarına yaxın yaşına, səhhətindəki problemlərə baxmayaraq, bir təyyarədən düşüb digərinə minir, okeanlar aşırdı. Yadımdadır, 2001-ci il martın 5-də Fransaya səfər etdi. Bundan heç bir ay keçməmiş (aprelin 3-də) uzaq Amerikaya getdi. Parisdə, Ki-Uestdə günlərlə sürən çətin danışıqlar apardı. Hər dəfə münaqişənin həlli məsələsi yaxınlaşanda sanki hansısa gözəgörünməz qüvvə sülh prosesini pozurdu.

Sülh, ya hərb? Bu sual Heydər Əliyevin də gündəmində idi. Arxivimi araşdıranda illər öncə böyük uzaqgörənliklə dediyi, bu günümüzlə səsləşən çıxışının lent yazısına rast gəldim. Həmin çıxışdan kiçik bir hissəni olduğu kimi təqdim edirəm: “... Həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun”.

Ulu Öndərimiz bu qəti inamını dilə gətirəndə Azərbaycan ayaq üstə yenicə dayanmağa başlamışdı. O vaxt işğalçı qoşunları torpaqlarımızdan güc yolu ilə çıxara biləcək ordumuz, yetərincə silahımız yox idi. Heydər Əliyevin dediyi zaman təxminən 20 il sonra yetişdi. Oğul İlham Əliyev 17 illik prezidentliyi dövründə qüdrətli bir Azərbaycan, güclü bir ordu qurdu. Elə bir ordu ki, bu gün dünyanın 50 ən güclü ordusu sırasında yer alır. Elə bir ordu ki, arsenalında çoxlarının həsəd apardığı ən müasir silahlar var. Məhz bu ordu nəyi nə vaxt etmək lazım gəldiyini bilən Ali Baş Komandanın əmrini yerinə yetirərək mənfur düşməni iti qovan kimi qovub torpaqlarımızdan çıxardı. Azərbaycan əsgəri öz qanı, canı bahasına 30 illik işğala son qoydu.

Nəyin bahasına olursa-olsun

Son 17 ilin tarixini vərəqləyən hər kəs görə bilər ki, İlham Əliyev müharibə istəmirdi. İstəyirdi ki, torpaqlarımız qan tökülmədən, şəhid verilmədən azad olunsun. Ona görə də danışıqlara ümidlə gedir, ATƏT-in Minsk qrupunun nə vaxtsa əməli addımlar atacağını gözləyirdi. Səbirlə davranır, amma, eyni zamanda, öz şərtlərini irəli sürür, xəbərdarlıq edirdi: Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına əsla yol verməyəcək, işğal altındakı torpaqlarımız nəyin bahasına olursa-olsun azad ediləcək. Bu, o demək idi ki, Ermənistan Qarabağdan xoşluqla çıxmasa, hərbi yoldan başqa variant qalmayacaq. 

Minsk qrupunun həmsədr ölkələri, eləcə də bütün beynəlxalq təşkilatlar, böyük dövlətlərin liderləri isə dönə-dönə eyni sözü təkrarlayırdılar: münaqişə yalnız sülh yolu ilə həll oluna bilər, onun hərbi həlli yoxdur. Prezidentimiz nə deyirdi? Gəlin yadımıza salaq: Lazım olsa, torpaqlarımızı hərbi yolla azad edəcəyik, müharibə heç zaman istisna olunmur. Prezident İlham Əliyev çıxışlarının birində bu barədə belə dedi: “Danışıqlar dövründə müxtəlif mərhələlərdə dəfələrlə təklif irəli sürülürdü ki, Azərbaycan tərəfi müharibə yolundan imtina etsin. Mən heç vaxt buna razılıq vermirdim. Ondan sonra məni ittiham etməyə başlayırdılar ki, İlham Əliyev müharibəyə başlamaq istəyir. Mən deyirdim ki, məsələni sülh yolu ilə həll etmək istəyirəm. Amma həll etmək istəyirəm. Ermənistan nə istəyirdi? Status-kvonu saxlamaq, əbədi etmək. Hesab edirdi ki, əgər 26-27 il ərzində buna nail olubsa, deməli, bundan sonra da nail olacaq”.

Səbrin də bir sonu olur. Ermənistanın baş naziri Paşinyanın əndazəni aşan hərəkətləri, sərsəm bəyanatları sülh prosesinin üstündən xətt çəkdi, xalqımızın, Prezidentimizin səbir kasasını daşdıran son damla oldu. Paşinyan deyirdi ki, “Qarabağ Ermənistandır. Nöqtə”. Deyirdi, Cəbrayıla yol çəkdirəcək. İnauqurasiyasını Şuşada keçirdi, içib keflənərək Cıdır düzündə rəqs elədi. Parlamenti Şuşaya köçürmək, “yeni ərazilər üçün yeni müharibə” planlarından danışdı. Bizi hədələdi ki, müharibə başlasa, Bakıyadək gəlib çıxacaq. Ardınca Tovuz sərhədində hərbçilərimizə xaincəsinə hücum təşkil olundu, Azərbaycana təxribat qrupu göndərildi. Nəhayət sentyabrın 27-sinə keçən gecə Qarabağda hərbi təxribatlar törədildi və Ali Baş Komandan elə həmin gecə əks-hücum əmri verdi.

Sonra nələr baş verdiyi hamıya məlumdur. Qarabağa zəfər yürüşümüzün hər günü, hər saatı, hər anı AZƏRTAC tərəfindən salnamələşdirilib və bu materiallar səkkiz dildə yayılıb. İstədiyiniz vaxt saytımızı açıb baxa bilərsiniz (CƏBHƏ XƏBƏRLƏRİ; НОВОСТИ С ФРОНТА; FRONTLINE NEWS; NACHRİCHTEN VON DER FRON; NOUVELLES DE LA LİGNE DE FRONT; NOTICIAS DE FRONTERA; أخبار من خط الجبهة; 前线新闻).

Şanlı Ordumuza cəmi 44 gün kifayət etdi ki, düşmənin başını dəmir yumruğu ilə əzsin, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Murovdağda, Suqovuşanda, Hadrutda, Şuşada, ümumilikdə, 5 şəhər, 4 qəsəbə və 286 kənddə dövlət bayrağımızı ucaltsın, düşməni ağ bayraq qaldırmağa məcbur etsin.

İkinci Qarabağ müharibəsi öz tempi, müasir texnikanın, xüsusən PUA-ların birbaşa döyüş meydanında geniş tətbiqi, əməliyyatların məharətlə idarə olunması, zabit və əsgərlərin döyüşkənliyi və digər parametrləri baxımından dünya hərb tarixinə XXI əsrin müharibəsi kimi yazıldı. Artıq beynəlxalq aləmdə inkişafın Azərbaycan modeli ilə yanaşı, Azərbaycanın müharibə modelindən də danışılır.

İyirmi birinci əsrin müharibəsi

Böyük Qələbə ilə başa çatmış Vətən müharibəsinin gedişini, döyüş taktikasını təhlil etmək və qiymətləndirmək hərbi ekspertlərin, mütəxəssislərin işidir. Qırx dörd günlük bu müharibə barədə bəlkə də 44 il danışılacaq. Mən isə sadəcə olaraq, bəzi düşüncə və müşahidələrimi bölüşməklə kifayətlənəcəyəm. 

Ermənistan 30 il ərzində öz havadarlarını, eləcə də Fransadan hərbi mühəndislər cəlb edərək cəbhə boyunca üç-dörd, bir sıra istiqamətlərdə hətta beş müdafiə xətti, eşelonlanmış dərin müdafiə sistemləri, keçilməsi çox çətin olan istehkamlar qurmuşdu. Əsas strateji yüksəkliklər düşmənin əlində idi. Ərazinin mürəkkəb relyefi, dağ-dərə onlar üçün əlavə üstünlüklər yaradırdı. Üstəlik, erməni tərəfi Qarabağa havadarlarının onlara peşkəş etdiyi azı 2-3 milyard dollarlıq hər cür silah yığmışdı.

Görünür, işğalçı ordu keçilməz saydığı üçqat, beşqat müdafiə xətlərinə, mühəndis-istehkam qurğularına, arsenalındakı saysız-hesabsız müdafiə və hücum silahlarına güvənirdi. Paşinyan da buna güvənərək ağzı köpüklənə-köpüklənə danışır, bizə hədə-qorxu gəlirdi. Bu silahlardan, hərbi texnikadan bir neçəsinin adını çəkmək kifayətdir ki, əyani təsəvvür yaransın: “S-300”, “S-125”, “Osa”, “KUB”, “TOR”, “KRUQ”, “Toçka-U” zenit-raket kompleksləri, “Elbrus” əməliyyat-taktiki raket kompleksi, özüyeriyən “Akasiya”, “Qvozdika” artilleriya qurğuları, “Smerç”lər, “Qrad”lar, “Uraqan”lar, habelə “Su-25” təyyarələri, PUA-lar, tank əleyhinə vasitələr, radiolokasiya stansiyaları, ballistik raketlər, daha nələr və nələr...

Müzəffər Ali Baş Komandan İlham Əliyev dekabrın 1-də Laçın rayonunun işğaldan azad olunması ilə əlaqədar xalqa etdiyi müraciətində düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikasının siyahısını açıqladı. Saymaqla qurtarmır. Bəzilərinin adını ilk dəfə eşitdiyimiz bu silah-sursatın, hərbi texnikanın gücünü, qiymətini mütəxəssislər yaxşı bilir.

İkinci Qarabağ müharibəsi göstərdi ki, Azərbaycan Ordusu texniki cəhətdən ən müasir silahlarla təchiz olunub. Xüsusən Türkiyə “Bayraqdar”larının, İsrail PUA-larının dəqiq zərbələri nəticəsində döyüşlərin ilk günlərində düşmənin yüzlərlə hərbi texnikasını, minlərlə əsgərini məhv etmək mümkün oldu. XXI əsrdə ilk dəfə olaraq, bu miqyasda və bu səmərə ilə qısa müddət ərzində tarixi nailiyyətlər əldə edildi. Müdafiə Nazirliyinin yaydığı həmin videogörüntülər bir çox ölkələrdə öyrənilir və öyrəniləcək, hərbi kitablara salınacaq.

Məsələ təkcə silahdadırmı? Prezidentimizin dəfələrlə vurğuladığı kimi, bayrağı qaldıran, onu düşmən mövqeyinə, azad edilmiş torpaqlara sancan əsgər və zabitdir. Bizim əsgər və zabitlərimiz aslan kimi vuruşdular. Azərbaycan əsgəri düşmənin keçilməz hesab etdiyi müdafiə xətlərini öz qəhrəmanlığı, peşəkarlığı sayəsində yardı, parlaq və misilsiz Şuşa zəfərinə imzasını atdı...

Müasir hərb tarixində misli görünməmiş Şuşa əməliyyatı

Vətən müharibəsinin təfərrüatlarına hələ tam aydınlıq gəlməyib. Amma indidən əminliklə demək olar ki, Şuşanın işğaldan azad edilməsi əməliyyatı tarixdə əbədi qalacaq. 

Qarabağın tacı, döyünən ürəyi Şuşa təbii istehkam olduğundan şəhərə tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Onu almağın iki variantı vardı. Birinci halda şəhərdəki düşmən qüvvələrini hava zərbələri, top atəşləri ilə məhv etmək olardı. Komandanlıq buna getmədi. Çünki şəhərin bombardman edilməsi böyük dağıntılara səbəb olacaqdı. Buna görə də alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla qalın meşələrdən, dərin dərələrdən keçərək, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi.

Şuşa döyüşlərinin getdiyi vaxt Xankəndidə olan xarici jurnalistlərdən biri ermənilərin düşdüyü acınacaqlı vəziyyəti belə təsvir edirdi: Şuşanı müdafiə edənlər pərən-pərən düşüblər. Hərbi təcili yardım maşınlarında onlarla yaralı qan içində Xankəndi xəstəxanasına daşınır. Qalan döyüşçülər yorğun halda yolboyu hərbi geyimlərini çıxarıb ataraq dağdan enirlər. Təcili yardım maşınları aramsız olaraq gedib-gəlir. Avtomobildə yaralı əsgərlər bir-birinin üstünə qalaqlanıb. Onların aldığı xəsarətlər əlbəyaxa döyüşlər getdiyinin sübutudur. “Le Monde” nəşrinin həmin günlərdə yaydığı başqa bir reportajda deyilirdi ki, Ermənistan ordusunun məğlubiyyətə uğradılmış hərbçiləri yaralı halda Şuşanı tərk edərək Xankəndiyə qaçırlar.

Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi. Şuşa zəfəri, əslində, müharibənin taleyini həll etdi. Ertəsi gün daha 70-dən çox kəndin azad olunması xəbəri gəldi və bundan bir gün sonra Paşinyan Azərbaycan Prezidentinin şərtlərini qəbul edərək kapitulyasiya aktına imza atmağa məcbur oldu. Nəticədə noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan, heç bir şəhid verilmədən azad edildi.

Azərbaycan Ordusu azadlıq ordusu, Ermənistan ordusu işğalçı ordudur. Azərbaycan əsgəri öz torpağında vuruşurdu, erməni əsgəri özgə torpağında. Bu, bizim mənəvi üstünlüyümüz, silahdan heç də az rol oynamayan yenilməz döyüş ruhu idi. Baxın, erməni əsgərləri kütləvi surətdə fərarilik edirdilər, hətta qaçmasın deyə ayağı zəncirlənmiş əsgəri gördük. Azərbaycan əsgəri isə yarası sağalmamış ön cəbhəyə can atırdı. Ermənistanda hərbi xidmətdən yayınmaq üçün hər vasitəyə əl atırdılar. Azərbaycanda isə cəbhəyə getmək üçün minlərlə gənc növbəyə yazılmışdı. Fərqimiz həm də bunda idi.

Vətən müharibəsi, onun şanlı epizodu olan Şuşa əməliyyatı kimin kim olduğunu göstərdi. Azərbaycan və Ermənistanın bu təkbətək döyüşü “məğlubedilməz erməni ordusu” mifini darmadağın etdi, həm düşmənə, həm də dünyaya bizim gücümüzü göstərdi, haqqın və ədalətin təntənəsi oldu...

Üç cəbhədə mübarizə və hər üçündə qələbə

Müasir müharibələrin taleyini təkcə silah həll etmir. Tam qələbə döyüş meydanında, informasiya məkanında və diplomatik müstəvidə paralel mübarizə sayəsində əldə olunur. Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə bunun ən yeni sübutu, illər boyu həyata keçirilən ordu quruculuğunun, məqsədyönlü xarici siyasətin, aramsız diplomatik səylərin nəticəsidir. 

Bu baxımdan dövlətimizin başçısının Qarabağda hərbi əməliyyatların aktiv fazasında xarici KİV-lərə verdiyi çoxsaylı müsahibələri diqqəti xüsusilə cəlb edir. Prezident İlham Əliyev dərin biliyi, dəmir məntiqi, təkzibolunmaz arqumentləri ilə ermənipərəst medianın qarayaxma kampaniyasını zərərsizləşdirə bildi, informasiya cəbhəsini təkbaşına yardı. Xüsusi tapşırıq alan bəzi Qərb müxbirləri mətləbi yayındırır, feyk məlumatlara istinad edərək Azərbaycan tərəfinin ünvanına əsassız ittihamlar səsləndirirdilər. Münaqişədə Türkiyənin iştirakı, F-16-lardan istifadə, Suriya və Liviyadan muzdlular cəlb olunması, atəşkəsin pozulması və bir çox digər qıcıqlandırıcı suallar dönə-dönə təkrarlanırdı. Dövlətimizin başçısı hər dəfə bu ittihamları təkzibolunmaz fakt və dəlillərlə puça çıxarır, Qarabağın tarixindən, münaqişənin səbəblərindən danışır, fürsətdən istifadə edərək, dünyaya əsl həqiqətləri çatdırırdı.

Almaniyanın ARD telekanalına müsahibədəki bir suala və Prezidentin cavabına diqqət edək.

Sual: Biz orada, bu ərazidə olduqda bizdə bir sual ortaya çıxdı. Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?

Cavab: Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir.

Cavab qısa və lakonikdir. Amma elə dərin məna kəsb edir, elə təsirlidir ki, inanmıram, bir də hansısa qərbli müxbir bizim Prezidentə buna bənzər sual ünvanlasın.

Ötən 17 ilə nəzər salsaq görərik ki, Prezident İlham Əliyev Dağlıq Qarabağ məsələsinin daim gündəlikdə qalması üçün əlindən gələni edib. Bütün nitq və çıxışlarında, beynəlxalq təşkilatların tribunalarında, dünya liderləri ilə bütün görüşlərində, müsahibələrində bu barədə danışıb. Çalışıb ki, təcavüzkarın və zərərçəkmiş tərəfin kim olduğunu hər kəs bilsin. İndi dünyada hamı bunu bilir. Vətən müharibəsinin uğurunu şərtləndirən əsas amillərin biri də məhz budur.

Döyüş meydanındakı qələbəyə gəlincə, müharibənin sonunda yaşanan tam fərqli iki mənzərəni təsvir etmək yetər: Cəbhənin bir tərəfində qalib Ordunun məğrurcasına dayanmış Müzəffər Ali Baş Komandanı İlham Əliyev, digər tərəfində ordusu dağılmış, rəzil duruma düşmüş Paşinyan. Xalqımız öz lideri İlham Əliyevin portretini başı üzərinə qaldırır. Paşinyan isə lağa qoyulur, ona lətifələr qoşulur.

“Cəbrayıla yol çəkirdin, Paşinyan. Nə oldu? Hanı o yol? Bəs Şuşada parlament binası tikirdin, nə oldu? Cəhənnəmə getdi”, - Prezidentimizin bu sözləri insanlar arasında zərb-məsələ çevrilib. Biri dediyinə əməl etməyəndə onu məsxərəyə qoyub soruşurlar: “Nə oldu bəs, Paşinyan?”...

Yandırılmış torpaq və sabaha boylanan Qarabağ

Keçmiş müharibələrdə “Yandırılmış torpaq” adlandırılan bir taktika vardı. İşğalçı ordu geri çəkilmək zorunda qalanda hər şeyi dağıdır, yaxud talayıb aparır, apara bilmədiyinə od vurub yandırırdı. Bu, həm də ona görə edilirdi ki, yerli əhali, torpağın əsl sahibi bir daha o yerlərdə məskunlaşa bilməsin. 1977-ci ildə Cenevrə Konvensiyasının bir nömrəli Protokolunun 54-cü maddəsi ilə "Yandırılmış torpaq" taktikası qadağan olunub və belə əməllər müharibə cinayəti sayılır.

Ermənilər XXI əsrdə sivil dünyanın gözü qarşısında ibtidai icma dövrünə xas olan bu taktikanı işlədirlər. Prezidentimizin dediyi kimi, elə bil bu yerlərdən vəhşi qəbilə keçib. İşğaldan azad edilmiş şəhər və kəndlərimizin videogörüntüləri ürək ağrıdır. Vəhşi düşmən daş üstə daş qoymayıb, hər yeri xarabazara çevirib. Ağaclar kəsilib, meşələr qırılıb və yandırılıb, torpaqlar yararsız hala salınıb. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı səhranı xatırladır. Ağdam sanki ruhlar şəhəridir, atom bombası heç Xirosimanı da belə dağıtmamışdı.

Ermənistanın müharibə cinayətləri bununla da bitmir. Gəncəyə iki dəfə ballistik raket atıldı, Bərdə kasetli mərmilərlə atəşə tutuldu. Tərtərə, Ağdama, Goranboya atılan mərmilərin sayı-hesabı bilinmir. Yüzədək mülki şəxs - uşaqlar, qadınlar, qocalar erməni faşizminin qurbanı oldu, minlərlə ev, yaşayış binası, infrastruktur obyekti dağıdıldı. Təfərrüata varıb vaxt almaq istəmirəm. Bu cinayətlərin izlərini əks etdirən fotolar, videolar, reportaj və xəbərlər AZƏRTAC-ın saytındakı “Dünya erməni faşizmini görsün” bölməsində yeddi xarici dildə (#русский #English #Deutsche #Franҫais #Español #العربية #中文) cəmləşib, sənədləşib.

Onların faşist simasını bütün dünyanın görməsi vacibdir. Qoy, hamı görsün və bilsin ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Hamı bilsin ki, biz təkcə işğalçı ordunu deyil, bəşəriyyət üçün təhlükə mənbəyi olan erməni faşizmini məhv etmişik. Prezidentin tapşırığı ilə Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş rayonlara səfərləri təşkil olunur, onlar erməni vəhşiliyini öz gözləri ilə görürlər. Törədilən dəhşətli dağıntılar bir-bir qeydə alınacaq, sənədləşdirilərək beynəlxalq məhkəməyə veriləcək. Erməni faşistləri yəqin ki, bu dəfə ədalət divanından yayına bilməyəcəklər.

Düşmən güman edirdi ki, bu dağıntılardan sonra azərbaycanlılar bir də o yerlərə qayıtmayacaq. Səhv etdilər. Azərbaycan xalqı 30 ildir doğma torpaqlarına qovuşmaq arzusu ilə yaşayır, Qarabağla nəfəs alırdı. Prezidentimiz işğaldan azad olunmuş Füzuli və Ağdam şəhərlərinə səfər edərkən Qarabağla bağlı gələcək planlarını açıqladı. Bəyan etdi ki, bütün şəhər və kəndlər baş plan əsasında bərpa olunacaq. Vətəndaşların doğma yurda qayıtması üçün dövlət tərəfindən lazımi kömək göstəriləcək. Artıq Füzulidən Şuşaya yeni yolun çəkilişinə, Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanıb.

İkinci Qarabağ müharibəsi bölgədə yeni reallıq yaradıb. Zaman-zaman başı üstündən tufanlar əsmiş gözəl Qarabağımız böyük ümidlə gələcəyə boylanır. Şuşa, Ağdam məscidində 27 ildən sonra yenə azan səsi eşidilir, “Qarabağ şikəstəsi” Qarabağ torpağında səslənir. O yerlərə 30 ildən sonra həyat qayıdır, o torpaqların yeni dövranı başlayır...

Bölgədə yeni reallıq və ya epiloq əvəzi

Vətən müharibəsinin uğurlu sonluğu bölgədə qüvvələr nisbətini dəyişdi, yeni reallıq yaratdı. İndi biz tək deyilik. Qardaş Türkiyə artıq yanımızda, siyasi masadadır. Qarabağda atəşkəsə türk əsgəri də nəzarət edəcək. Ankaradan ən yüksək səviyyədə mesajlar gəlməkdə davam edir: biz Azərbaycanın yanında olmağa davam edəcəyik. Bu siyasi-mənəvi dəstək gücümüzə güc qatır, Ermənistanın havadarlarını müdaxilədən çəkindirir. 

Azərbaycan və Türkiyə prezidentlərinin bir-birinə qardaş deyə müraciət etməsi, ay-ulduzlu bayraqlarımızın yanaşı dalğalanması dostlarımız üçün fəxarət, bədxahlarımıza göz dağıdır.

Bu gün 30 il davam edən status-kvo da yoxdur. Status məsələsi gündəlikdən çıxıb. Əvəzində Qarabağın dağılmış şəhər və kəndlərinin bərpası planlarının icrası başlayıb.

Mübarizə isə hələ bitməyib. Ermənistanın, onun havadarlarının yeni planlar cızması, fitnə-fəsada əl atması istisna edilmir. Fransa Senatının Qarabağla bağlı məkrli qətnaməsi buna misal ola bilər. Bu, o deməkdir ki, işğaldan azad edilmiş Qarabağın hər yerində olduğu kimi, siyasət meydanında da gözlə görünməyən minalar, sualtı qayalar, aysberqlər var. Bu, o deməkdir ki, mübarizə bu gün də var, sabah da.

Dünyadakı çoxsaylı münaqişələrin və müharibələrin gedişinə nəzər salsaq görərik ki, son nöqtəni güclü tərəf qoyur. Azərbaycan xalqının Qarabağ uğrunda 44 günlük Vətən müharibəsi buna ən yeni nümunədir. Ötən 17 ildə güc topladıq, düşmənin başını dəmir yumruqla vurub əzdik. Otuz il davam edən işğala, ədalətsizliyə 44 gündə son qoyuldu. Gücümüzü təkcə düşmən yox, bütün dünya gördü. Sözsüz ki, qalib Azərbaycan gündən-günə, ildən-ilə daha da güclənəcək. Müdrik Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızı inamla qələbədən-qələbəyə aparacaq.

 

Aslan Aslanov

AZƏRTAC-ın İdarə Heyətinin sədri,

OANA-nın vitse-prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zaporojye bölgəsində humanitar yardım məntəqəsi aviabombalarla vurulub, 24 nəfər həlak olub

Balakəndə “Zamanın rəngləri – Zəfər” adlı sərgi açılıb

Mehdi Hüseynzadəyə həsr edilmiş sənədli filmin premyerası olub VİDEO

Mehdi Hüseynzadəyə həsr edilmiş sənədli filmin premyerası olub VİDEO

Gəncə Dövlət Milli Dram Teatrında “Əli və Nino” tamaşasının premyerası olub

Finlandiyada Zəfər Günü qeyd olunub

Qazaxıstan PUA hücumundan sonra Atırau–Samara neft kəməri ilə nəqlin dayandırıldığını açıqlayıb

Britaniyada miqrantların daimi yaşayış icazəsi qaydaları sərtləşdirilir

Vətən müharibəsi qazisi: Xalqımıza bayramlar yaraşır

Bakıda “Zəfər Günü – Qürur günümüz” adlı musiqili-bədii proqram təqdim olunub

Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Bölgələrdə sertifikatlı toxum satışı təşkil olunacaq

Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz

Bakıda tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti keçirilib

Rusiya MDB ölkələri arasında borclular haqqında məlumat mübadiləsinə dair sazişi ratifikasiya edib

Qazaxıstan və Dünya Bankı Xəzər və Aral dənizlərinin ekoloji problemlərini müzakirə ediblər

Qazaxıstanda Aktau dəniz limanı yaxınlığında yük avtomobili teplovozla toqquşub

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Türk ekspert: Almaniyada gənclərin etirazları gələcəyə inamsızlığın göstəricisidir

Avropanın sabitliyi öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır ŞƏRH

Humboldt Universitetinin professoru: Almaniya və Fransadakı etirazlar Avropanın dərin sosial problemlərini əks etdirir

Gökdeniz Karadeniz: Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar – EKSKLÜZİV

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib

Fransadakı etirazlar Makron hakimiyyətinin yarıtmaz siyasəti kontekstində qiymətləndirilməlidir RƏY

Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək

Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb

Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib

Qazaxıstan və Çin Orta Dəhlizin inkişafı üçün 200 milyon dollaradək investisiya fondu yaratmağı nəzərdən keçirir

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

® “Prime Leasing” qlobal səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb

Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır

Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib

ABŞ-də Hellouin bayramı zamanı baş verən atışmalarda 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Avropada siyasi etimadın azalması və iqtisadi çətinliklər sistemli problemlərin göstəricisidir - ŞƏRH

İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib

Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib

Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

NASA “Hubble” teleskopunun fəaliyyət müddətini uzatmaq üçün özəl şirkətləri cəlb edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

“Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda müzakirə-seminar təşkil edilib

Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca

® Metropoliten işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb

Azərbaycan basketbol millisi Serbiyaya yollanır

® “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq - Tələb təklifi 3 dəfə üstələyib

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır - tədqiqat

“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

Deputat: Azərbaycan qadını dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayır

Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ

Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb

Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib

Türk dünyasının iqtisadi potensialı elmi müstəvidə təhlil edilib

Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir

Britaniyada miqrantların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddəti artırıla bilər

Şəhid atanın ən böyük arzusu: BDU tələbəsi Aysu Əmrahovanın Zəfər hekayəsi

Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH

Mars Sariyev: Sabitlik küçələrdə polislərin sayı ilə deyil, qurumların ictimai tələblərə reaksiya vermək qabiliyyəti ilə ölçülür ŞƏRH

Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən yük aşkar edilib