Qafqaz Universitetində Türkmənistanın müstəqilliyinin 22-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir
Bakı, 2 noyabr (AZƏRTAC). Qafqaz Universitetində Türkmənistanın müstəqilliyinin 22-ci ildönümünə həsr edilmiş “Türkmənistan günü” mövzusunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və Türkmənistanın Dövlət himnləri səsləndirilmişdir.
Tədbirdə Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov ölkəsi ilə Azərbaycanın tarixi dostluq və qardaşlıq münasibətlərindən danışmışdır.
Bu il oktyabrın 9-da Azərbaycanda keçirilmiş prezident seçkilərində Azərbaycan Prezidenti İlham Əliyevin xalq tərəfindən bir daha dəstəkləndiyini, inamlı qələbə qazandığını vurğulayan səfir bu münasibətlə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik etmişdir.
Türkmənistan-Azərbaycan əlaqələrindən bəhs edən T.Komekov hər iki ölkənin sürətlə inkişaf etdiyini söyləmiş, iqtisadi, təhsil, mədəni və digər sahələrdə əlaqələrimizin əhəmiyyətini xatırlatmışdır.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xalqlarımızın birliyindən danışmış, Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında çox sıx dostluq münasibətlərinin olduğunu vurğulamışdır.
Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyini xatırladan nazir ölkələrimizin beynəlxalq səviyyələrdə bir-birini daim dəstəklədiklərini bildirmişdir.
Mədəni əlaqələrimizin genişləndirilməsi ilə bağlı reallaşdırılan tədbirlərdən bəhs edən Ə.Qarayev, eyni zamanda, xalqlarımıza sülh, səadət və xoşbəxtlik arzulamışdır.
Türkmənistan Dövlət Universitetinin rektoru, professor Kurtniyaz Xanmuradov ölkələrimiz arasında əlaqələrin, o cümlədən elm, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini bildirmişdir.
Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç əlamətdar gün münasibətilə xoş arzularını söyləmiş, tədbirin əhəmiyyətini vurğulamışdır.
Sonra Türkmənistanın incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etmişlər.