Qafqazşünaslıq İnstitutunun əməkdaşları onlayn beynəlxalq konqresdə məruzə ediblər
Bakı, 21 may, AZƏRTAC
AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə və elmi işçi Yeganə Baxşıyeva Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu - İKSAD və Bakı Avrasiya Universitetinin birgə təşkilatçılığı ilə onlayn keçirilən 6-cı Beynəlxalq Avrasiya Zirvəsi Konqresində iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Meksikanın müxtəlif elm və ali təhsil müəssisələrindən 190-a yaxın alim və tədqiqatçının qatıldığı konqresin onlayn bölmə iclaslarından birinə tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə sədrlik edib.
Konqresdə E.Kəlbizadə “Siyasi elmlərdə dövlətlərarası münasibətlərin dinamikasını müəyyənləşdirən indikatorların tətbiqi (Ermənistan-İran münasibətləri nümunəsində)”, Y.Baxşıyeva isə “Azərbaycanın Qafqaz regionunda hidroloji problemləri" mövzusunda məruzə ilə çıxış ediblər.