Qambiyanın gənclər və idman naziri: UNESCO-nun Bakıdakı iclası məhsuldar keçir VİDEO
Bakı, 2 iyul, AZƏRTAC
Dünyanın müxtəlif regionların nümayəndələrinin təmsil edildiyi tədbirdə iştirak üçün Bakıda olmaqdan məmnunuq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qambiyanın gənclər və idman naziri Bakari Badji jurnalistlərə açıqlamasında deyib.
UNESCO-nun İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyası çərçivəsində İdmanda Dopinqin Aradan Qaldırılması Fondunun Təsdiq Komitəsinin üçüncü rəsmi iclası barədə danışan nazir deyib: “Dünən müxtəlif ölkələrdən maliyyələşmə üçün daxil olan yeni müraciətlərə baxaraq çox uğurlu iclas keçirdik. Bu gün isə Büronun iclası keçirilir. İclasda farmakopeyanın müxtəlif istiqamətləri, həmçinin sənədlərə, o cümlədən konvensiyalara təklif olunan dəyişikliklər müzakirə edilir. Ümumilikdə, bu, məhsuldar iclasdır”.
Onun sözlərinə görə, Qambiya ilə Azərbaycan arasında çox yaxşı münasibətlər mövcuddur: “Ötən il gənclər və idman mübadiləsi, eləcə də məşqçilik və idmanın idarə olunması sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb. Burada olmaq çox xoşdur. Bakı həqiqətən çox gözəl şəhərdir. Bu, mənim Azərbaycana üçüncü səfərimdir və hər dəfə buraya böyük məmnuniyyətlə gəlirəm”.