Qanlı Yanvar gecəsində həkimlər vəzifə borclarını vicdanla yerinə yetiriblər
Bakı, 17 yanvar, AZƏRTAC
Yanvarın 17-də Azərbaycan Tibb Universitetində (ATU) 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən universitetin rektoru, professor Gəray Gəraybəyli hər bir xalqın tarixində daim qürurla xatırlanacaq hadisə və səhifələrin olduğunu bildirib: “Xalqımızın yaxın tarixinin şanlı və unudulmaz səhifələrindən biri də 20 Yanvar faciəsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu paytaxtın müxtəlif istiqamətlərindən şəhərə daxil olaraq dinc sakinlərə divan tutdu, günahsız insanlar gülləboran edildi. Həmin gün həkimlər, universitetin tələbələri vəzifə borclarını vicdanla yerinə yetirərək çox çətin şəraitdə, əksər hallarda şam işığında yaralılara yardım göstərdilər.
Həmin dəhşətli gecədə şəhid olaraq azadlıq yolunda canını qurban verənlər də oldu. Qanlı şənbə gecəsindən sonra da xalqımız qorxmadan küçələrə axışaraq müqəddəs yolda qurban gedən Vətən övladlarını izdihamla son mənzilə yola saldı. Həmin hadisə, məşum 20 Yanvar gecəsi baş verənlər qürur və iftixar yerimizdir. Çünki o dəhşətli gecə milli düşüncəmizdə dəyişikliyə səbəb oldu, xalqımız bir amal ətrafında sıx birləşdi. Xalqımız azadlığımızın memarlarının əziz xatirəsini heç zaman unutmayacaq”.
Rektor Qanlı Yanvar faciəsinə ilk dəfə ulu öndər Heydər Əliyevin hüquqi-siyasi qiymət verdiyini və baş verən qətliamın dünyaya çatdırılmasında məhz Ulu Öndərin əvəzsiz xidmətlərinin olduğunu xüsusi qeyd edib.
ATU-nun cərrahi xəstəliklər kafedrasının müdiri, professor Fariz Camalov, ümumi cərrahlıq və anesteziologiya kafedrasının professoru Cabbar Hacıyev həmin gecə baş verənləri, şahidi olduqları hadisələri danışıblar. Onlar Qanlı Yanvar gecəsində həkimlərin əlverişsiz şəraitdə yaralıları əməliyyat etdiklərini, universitetin tələbələrinin yaralılar üçün qanvermə aksiyası keçirdiklərini deyiblər.
Universitetin III kurs tələbəsi Leyla Gəncəliyeva həmin şərəfli gecədə canından keçən vətən övladlarının gənc nəslə örnək olduğunu və işğal altındakı torpaqları azad etməklə onların qanlarının yerdə qalmayacağını bildirib.