Qanlı Yanvar hadisələrindən bəhs edən ədəbi-bədii kompozisiya nümayiş olunub
Bakı, 20 yanvar, AZƏRTAC
Bakıdakı 254 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Səməd Vurğun Poeziya Ocağının, Turan Ədəbi Birliyinin (TƏB), Əbədi Tədbirlər Birliyinin (ƏTB) və məktəbin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə məktəbin direktoru Rəhilə Novruzova çıxış edərək 20 Yanvar hadisələrindən danışıb.
Tədbirdə Səməd Vurğun Poeziya Ocağının və TƏB-in sədri, şair-publisist Zərəngiz Dəmirçi Qayalı, məktəbin direktor müavini Nazilə Rüstəmzadə, şəhid anası, məktəbin müəllimi Xuraman Məmmədova, şəhid bacısı, məktəbin müəllimi Fəridə Əliyeva, ƏTB-nin sədri, gənc rejissor, ssenarist Polad Ağa İbrahimov və başqaları bildiriblər ki, xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini hər il dərin ehtiramla yad edir. Çünki 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq iradəsinin qanla yazıldığı tarixdir. Bu faciənin gənclər və məktəblilər tərəfindən dərin ehtiramla anılması bir daha sübut edir ki, Vətən naminə canından keçən şəhidlərimizin xatirəsi zamanın sınağından keçərək Azərbaycan xalqının yaddaşında əbədi həkk olunub. Onların tökdüyü qan azadlıq yolunun susmayan çağırışına çevrilib və bu çağırış nəsildən-nəslə ötürülərək 44 günlük Zəfərlə nəticələndi.
Bildirilib ki, 20 Yanvar şəhidləri xalqımızın qürur mənbəyi, müstəqilliyimizin sarsılmaz rəmzi kimi daim yaşayacaq.
Tədbir çərçivəsində məktəbin 6 “b” sinif şagirdlərinin ifasında şair-publisist Zərəngiz Dəmirçi Qayalının “20 Yanvar” poeması əsasında səhnələşdirilmiş “Nə idi günahımız?” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.
Sonda gənc rejissor Polad Ağa İbrahimovun yazdığı və səhnələşdirdiyi “Cənnətdə görüş” səhnəciyi ƏTB-nin gənc aktyorlarının ifasında canlandırılıb.