Qanlı Yanvar tariximizin şərəfli səhifəsidir
Bakı, 16 yanvar (AZƏRTAC). Yanvarın 16-da Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasında (ARDDA) 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.
ARDDA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Dövlət Dəniz Administrasiyanın rəis müavini Ehtiram Rəhimov tədbiri açaraq Qanlı Yanvar hadisələrindən bəhs etmiş, xalqımızın bu acı faciəni heç zaman unutmayacağını vurğulamışdır.
Sonra qurumun rəis müavini Şahlar Məmmədov 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı məruzə ilə çıxış etmişdir. Qeyd edilmişdir ki, 20 Yanvar ümumxalq hüzn günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir. Bildirilmişdir ki, 20 Yanvar hadisəsı M.Qorbaçov başda olmaqla, o vaxtkı sovet rəhbərliyinin Azərbaycan xalqının haqq səsini susdurmaq üçün planlı şəkildə həyata keçirdiyi qanlı cinayət idi. Müasir silahlarla təchiz edilən, tərkibində erməni zabitlərinin də olduğu sovet ordu birləşmələri dinc, əliyalın insanlara amansız divan tutmuş, Azərbaycan xalqının milli azadlıq hərəkatını boğmağa çalışmışlar.
Mərasimdə çıxış edən administrasiyanın mətbuat xidmətinin rəhbəri Ərsalan Əliyev, hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Ramil Qasımov, dəniz təhlükəsizliyi şöbəsinin aparıcı məsləhətçisi Rafiq Zeynalov, gəmi standartlarına nəzarət və lisenziyalaşdırma şöbəsinin baş məsləhətçisi Vüqar Rəhimli, gəmi heyəti şöbəsinin baş məsləhətçisi Nuri Nuriyev və başqaları o ağır günlərdə öz xalqının taleyinə biganəlik, ögey münasibət göstərən respublikanın həmin dövrdəki rəhbərlərinin yersiz itaətkarlığını, qətiyyətsizliyini və səriştəsizliyini kəskin surətdə pisləmişlər.
Çıxışlarda faciənin ertəsi günü, yəni 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyevin özünün və ailə üzvlərinin həyatını təhlükədə qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində o vaxtkı SSRİ rəhbərliyini, şəxsən M.Qorbaçovu kəskin ittiham etməsi, Ulu Öndərin öz xalqının yanında olması xüsusi vurğulanmışdır.
Tədbirdə Qanlı Yanvarın təkcə faciə günü deyil, eyni zamanda, tariximizin şərəfli səhifəsi olduğu bildirilmişdir. Natiqlər, həmçinin 20 Yanvar faciəsi günlərində Azərbaycan dənizçilərinin göstərdikləri fədakarlıqlardan bəhs etmiş, şəhid ailələri və əlillərə göstərilən dövlət qayğısını yüksək qiymətləndirmiş, şəhidlərimizə Allahdan rəhmət diləmişlər.