Qanunsuz ov edənlər saxlanılıblar
Noyabrın 7-dən 10-dək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədi ilə ölkə ərazisində növbəti reydlər keçirilib.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, reyd zamanı Neftçala rayonunun Müşfiq qəsəbəsi ərazisində ov edən naməlum şəxs saxlanılıb. Ondan 1 ov tüfəngi və 1 ədəd patron götürülərək qanuna müvafiq qaydada akt tərtib olunub. Sənəd təqdim etməyən qanun pozucusunun şəxsiyyətinin müəyyən edilməsi və barəsində qanunvericiliyə uyğun tədbir görülməsi üçün Neftçala Rayon Polis Şöbəsinə müraciət edilib.
Növbəti reyd zamanı Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində qanunsuz ov edən Ağcabədi şəhər sakini Novruz Kərimovdan 1 ov tüfəngi, 4 ədəd patron və 2 qaranaz quşu götürülüb. Qanun pozucusu barəsində akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub, götürülmüş ov quşları isə məhv edilib. Həmçinin, “Ağzıbir” ovçuluq təsərrüfatının ərazisində ov etmək istəyən naməlum şəxs ərazidə reyd keçirən Nazirliyin əməkdaşlarını görən zaman ov tüfəngini və ovladığı quşları ataraq ərazidən uzaqlaşıb. Nazirliyin əməkdaşları onu təqib etsələr də, qanun pozucusunu saxlamaq mümkün olmayıb. 1 ov tüfəngi, 200 ədəd patron və 9 ovlanmış qaşqaldaq quşu götürülərək fakt üzrə akt tərtib olunub və götürülmüş ov quşları məhv edilib. Təqsirkarın şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədi ilə Şabran Rayon Polis Şöbəsinə müraciət olunub.
Eyni zamanda, Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində keçirilmiş reyd zamanı ovla məşğul olan daha bir naməlum şəxs saxlanılaraq ondan 1 ov tüfəngi götürülüb. Həmin şəxs barəsində akt tərtib olunaraq şəxsiyyətinin müəyyən edilməsi üçün Lənkəran Rayon Polis şöbəsinə müraciət edilib.
Samux ovçuluq təsərrüfatında Goranboy rayonunun Şəmmədli kənd sakini Şakir İsgəndərov və İlisu Dövlət Təbiət Qoruğunun ərazisində Qax rayonunun Qaxbaş kənd sakini Zeriko Poladaşvili qanunsuz ov etdikləri üçün saxlanılıblar. Onlardan 2 ov tüfəngi, 4 ədəd patron götürülüb. Akt və protokollar tərtib olunaraq həmin şəxslərin hər biri 1000 manat məbləğində cərimə edilib.
Noyabrın 10-da isə Yevlax və Lənkəran rayonları ərazisində ov edən naməlum şəxslər saxlanılıb. Onlardan 2 ov tüfəngi və 14 patron götürülüb. Hər iki fakt üzrə akt tərtib edilib, təqsirkarların şəxsiyyətlərinin müəyyənləşdirilməsi və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün aidiyyəti rayon polis şöbələrinə müraciət olunub.
Reydlər davam etdirilir.