Qarabağ Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Bakı, 8 sentyabr, AZƏRTAC
Qarabağ Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Konfransda çıxış edən Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev 2023-2024-cü tədris ili üçün ümumi və məktəbəqədər təhsil üzrə prioritet istiqamətlər barədə danışıb. O, regionda təhsilverənlərin sertifikatlaşdırılması, peşə təmayüllü siniflər, həmçinin icmaəsaslı qrupların təşkili, şagird davamiyyətinin təmin olunmasında mühüm işlərin görülməsi, təhsilin idarəolunmasında əlçatanlıq, şəffaflığın təmin edilməsi üçün qarşıda duran vəzifələr barədə qeydlərini iştirakçıların diqqətinə çatdırıb.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov da öz növbəsində təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb.
Daha sonra hesabatla çıxış edən Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov region üzrə təhsilin təşkili, idarəolunması üzrə statistik məlumatları, əmək intizamına nəzarət, bu istiqamətdə tətbiq edilmiş intizam tənbehi tədbirləri, şagird və müəllim nailiyyətləri, eləcə də digər məsələlər barədə danışıb.
Tədbirdə təhsil müəssisələri, təhsilverənlər və təhsilalanlarla bağlı 2023-2024-cü tədris ili üzrə əsas mesajlar iştirakçıların diqqətinə çatdırılıb.
Konfrans bədii hissə ilə başa çatıb.