Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsi və Klinikası: Müasir tibb təhsilində yeni model formalaşır VİDEO
Xankəndi, 12 may, AZƏRTAC
Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsi regionda müasir tibb təhsilinin formalaşdırılması istiqamətində yeni tədris modeli tətbiq edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fakültədə hibrid, spiral və interprofessional təhsil sistemləri əsasında innovativ proqramlar həyata keçirilir.
Fakültənin tibbi biokimya ixtisası üzrə baş müəllimi, doktor Hikmət Məmmədov bildirib ki, burada klassik tibb təhsilindən fərqli, daha müasir və inteqrativ sistem tətbiq olunur: “Fakültəmiz klassik tibb təhsilinin üzərində yeni bir modellə fəaliyyətə başlayıb. Sistemimiz son 10–15 ildə təcrübədən keçirilmiş müasir yanaşmalara əsaslanır. Təhsilimiz üç əsas istiqamət üzrə hibrid təhsil, spiral təhsil və interprofessional təhsil modeli əsasında aparılır. Klassik sistemdən fərqli olaraq, birinci kursdan etibarən tibb bacılığı, stomatologiya, əczaçılıq və digər təməl tibbi elmlər birgə tədris olunur. Bu, interprofessional təhsilin vacib hissəsidir. Hibrid sistemdə ayrı-ayrı kafedralar yoxdur, bütün təməl elmlər üzrə müəllimlər birlikdə dərs keçirlər. Spiral modeldə isə bir mövzu tam şəkildə bir kursda bitmir, müxtəlif kurslarda mərhələli şəkildə yenidən tədris olunur. Bundan əlavə, tərsinə çevrilmiş sinif metodu və elmi-tədqiqat dərsləri də tətbiq edilir”.
Həkim mama-ginekoloq Günel Sadıqova isə Qarabağ Universiteti Klinikasında və fakültədə fəaliyyətin əhəmiyyətini vurğulayaraq deyib: “Burada olmaq mənim üçün böyük qürurdur. Biz yalnız universitet deyil, eyni zamanda, gələcəyin səhiyyə sistemini formalaşdırırıq. Təhsil proqramlarımız beynəlxalq standartlara uyğun innovativ model üzərində qurulub. Blok sistemi ilə dərslər keçirilir və məqsəd yalnız bilikli həkim deyil, eyni zamanda, etik, empatik və effektiv ünsiyyət qura bilən mütəxəssis yetişdirməkdir”.
Fiziologiya ixtisası üzrə müəllim, doktor Şəhla Eyvazova qeyd edib ki, Xankəndidə belə bir təhsil sisteminin qurulması böyük əhəmiyyət daşıyır: “Burada tibb təhsili klassik modeldən fərqli şəkildə təşkil olunub. Anatomiya, fiziologiya və biokimya kimi fənlər ayrı-ayrı illərə bölünmədən inteqrasiya olunmuş şəkildə üç il ərzində tədris edilir”.
Fakültənin müəllimi Nilufər Demiral Yılmaz isə Qarabağ Universitetinin region üçün strateji əhəmiyyətini vurğulayıb: “Bu fakültənin fəaliyyəti bölgənin gələcəyi üçün çox önəmlidir. Tələbələr burada həm nəzəri, həm də praktik biliklər əldə edirlər və peşəkar mühitdə formalaşırlar”.
Tələbələrlə iş üzrə mütəxəssis Mədinə Familzadə bildirib ki, universitetdə tələbələr üçün xüsusi dəstək mərkəzi fəaliyyət göstərir: “Burada tələbələrə sosial, akademik və şəxsi inkişaf baxımından dəstək verilir. Məqsəd tələbələr arasında ailə mühiti formalaşdırmaqdır və artıq buna nail olmuşuq. Eyni zamanda, Tibb Klubu fəaliyyət göstərir və burada müxtəlif elmi müzakirələr və tədbirlər keçirilir”.
Qarabağ Universiteti Klinikasının baş direktoru və fakültə dekanı Samir Babayev klinikanın inkişaf mərhələlərindən danışıb: “Hazırda klinikamız 109 çarpayılıqdır və 20-dən çox ixtisaslı həkim fəaliyyət göstərir. Klinikamız mərhələli şəkildə inkişaf edir. Birinci mərhələdə ambulator xidmətlər, pediatriya və cərrahiyyə bölmələri fəaliyyət göstərir. Laboratoriya və radiologiya tam funksionaldır. İkinci mərhələdə təcili yardım xidməti istifadəyə veriləcək. İlin sonuna qədər heyətimizdə olanların sayının 230 nəfərə qədər çatdırılmasını planlayırıq və həmin zaman klinika tam funksional şəkildə fəaliyyət göstərəcək”.
Birinci kurs tələbəsi Xədicə Əliyeva isə burada oxumağın onun üçün xüsusi qürur olduğunu bildirib: “Burada təhsil almaq mənim üçün böyük şansdır. Müəllimlər peşəkardır, dərslər interaktiv şəkildə keçirilir. Kiçik və böyük qruplarla işləyirik”.
Tahir Qüdrətli isə Qarabağda təhsil almağın onun üçün xüsusi mənəvi dəyər daşıdığını deyib: “Uşaqlıqdan tibb sahəsində oxumaq arzum olub. İndi isə ən müasir metodlarla təhsil alıram. Qəhrəman şəhidlərimizin azad etdiyi torpaqlarda oxumaq mənim üçün böyük qürurdur”.
Müxbir - Aydın Yavərzadə