SİYASƏT
Qarabağdakı ermənilərin hüquqlarını və təhlükəsizliyini siyasiləşdirmək yolverilməzdir - ŞƏRH
![Qarabağdakı ermənilərin hüquqlarını və təhlükəsizliyini siyasiləşdirmək yolverilməzdir - ŞƏRH](/files/2023/3/1200x630/16938369805897218737_1200x630.jpg)
Bakı, 4 avqust, AZƏRTAC
Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma “Dağlıq Qarabağ respublikası”nın dırnaqarası müstəqilliyi ilə bağlı müraciəti, ilk növbədə, sülh prosesinə əngəl törətmək məqsədi daşıyır, həmçinin daxildə revanşizmi də gücləndirir. Bu fikirlər N.Paşinyanın nə qədər populist, sözündən, imzasından və əldə olunan razılaşmalardan qaçan bir siyasətçi olduğunu bir daha üzə çıxarır. Digər tərəfdən baş nazir məhz Praqa formatında keçirilən danışıqlarda Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təsdiq etmişdi. Lakin baş nazirin hazırkı müraciəti birbaşa olaraq danışıqlar formatından çıxmaq anlamına gəlir. Onun bu gedişi hakimiyyətə gəldikdən bir müddət sonra “Qarabağ Ermənistandır və nöqtə” fikirlərini xatırladır. Bu ritorika və aqressiv davranış ölkəmizin ərazi bütövlüyünə qarşı əvvəlki dəst-xətdə yenidən özünü büruzə verir. Belə görünür ki, Ermənistanın baş naziri hələ də “Dəmir yumruğ”un nəticələrini özü üçün yaxşı təhlil etmədiyinə görə, revanşizmi gücləndirmək istiqamətində fəaliyyət həyata keçirir, daxili-ictimai rəyə təsir etmək üçün bu cür tezislər irəli sürür.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov söyləyib.
Münaqişənin geridə qaldığını, Azərbaycanda Dağlıq Qarabağ adında inzibati ərazi vahidinin olmadığını bildirən İ.Hüseynov deyib: “Azərbaycanda sadəcə Qarabağ iqtisadi rayonu var. Bu da ölkəmiz üçün çox prinsipial məsələdir. Qarabağda yaşayan ermənilərin hüquqlarını və təhlükəsizlik məsələsini siyasiləşdirmək yolverilməzdir. Qeyd etmək yerinə düşər ki, BMT Təhlükəsizlik Şurası da daxil olmaqla Ermənistana havadarlıq edən qüvvələr bütün imkanlarından, resurslarından istifadə edirlər. Xüsusilə Fransanın iştirakı ilə Avropa İttifaqı (Aİ) seqmentində ölkəmiz əleyhinə müəyyən qərəzli fikirlər formalaşdırılır. Lakin Azərbaycanın siyasi xətti aydındır və şəffafdır. Belə ki, humanitar yüklərin Ağdam-Xankəndi marşrutu üzrə daşınması ermənilərə təklif olundu. Lakin onlar bunu qəbul etmədilər. Bu da o anlama gəlir ki, ermənilər humanitar sözünü siyasiləşdirərək öz məqsədləri üçün istifadə edirlər”.
Politoloq əlavə edib ki, bununla yanaşı, ölkəmizin gömrük və vergi orqanları ilə birgə razılaşdırılmaqla Laçın yolu vasitəsilə də yüklərin daşınması variantı nəzərdən keçirilə bilər. Bunun üçün isə dövlətlərarası və sülh zəminində olan münasibətlər formalaşdırılmalı və təmaslar yaradılmalıdır. Amma Nikol Paşinyanın hazırkı müraciəti daha çox sülhdən boyun qaçıran siyasətçi görkəmi formalaşdırmaqdadır.