“Qarabağın arxeoloji və etnomədəni irsi: tarix və gələcəyə baxış” mövzusunda onlayn konfrans keçirilib
Bakı, 24 may, AZƏRTAC
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə “Qarabağın arxeoloji və etnomədəni irsi: tarix və gələcəyə baxış” mövzusunda onlayn konfrans keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə qəhrəman ordumuzun qazandığı möhtəşəm qələbə nəticəsində torpaqlarımızın işğaldan azad olunmasından sonra Qarabağda arxeoloji və etnoqrafik tədqiqatların bərpasının vəzifə kimi Arxeologiya və Etnoqrafiya İnstitutunun qarşısında durduğunu xüsusi qeyd edib.
Akademik İsa Həbibəyli bildirib: “Bu gün keçirilən konfrans Prezident, Ali Baş Komandan İlham Əliyevin qarşımızda qoyduğu Qarabağa Böyük Qayıdış kimi strateji vəzifənin müddəalarına tam uyğundur”.
Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova “Qarabağın arxeoloji irsinin tədqiqində yeni mərhələ”, elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli “Qarabağda kəşf edilmiş arxeoloji mədəniyyətlər”, Eneolit və ilk tunc dövrü arxeologiyası şöbəsinin müdiri, professor Hidayət Cəfərov “Qarabağda arxeoloji tədqiqatlar tarixindən”, Daş dövrü arxeologiyası şöbəsinin müdiri, professor Əsədulla Cəfərov “Qarabağın paleolit düşərgələri: elmi nailiyyətlər, qarşıda duran problemlər” mövzusunda məruzə ediblər. Antropologiya Mərkəzinin rəhbəri, antropologiya elmləri doktoru, professor Əliağa Məmmədlinin “Qarabağda etnoloji və antropoloji tədqiqatların perspektivləri haqqında”, AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Qarabağın arxeoloji irsinin Yaxın Şərq mədəniyyətlərinin öyrənilməsi üçün əhəmiyyəti”, ukraynalı arxeoloq və bərpaçı Tatyana Krupanın “Girzan kəndi qəbiristanlığındakı (Tovuz rayonu) sinə daşlarının qorunması problemi” mövzularında məruzələri maraqla dinlənilib.
İnstitutun sektor müdiri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev (“Aşağı Qarabağın Son Neolit dövrü sakinlərinin mədəni-təsərrüfat həyatına dair”), tarix üzrə fəlsəfə doktoru Mənsur Mənsurov (“Zar paleolit mağara düşərgəsində aparılan yoxlama qazıntısının ilkin nəticələri”), tarix elmləri doktoru Fəzail Vəliyev (“Orta əsrlərdə Bərdə şəhəri Qarabağ geyim mədəniyyətinin mərkəzi kimi”), tarix üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva (“Kəlbəcər rayonunda Alban tarixi sitayiş irsi”), tarix üzrə fəlsəfə doktoru Bəhmən Əliyev (“Qarabağ at cinsinin Azərbaycanın atçılıq təsərrüfatında yeri”), tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımov (“Arxeogenetik araşdırmaların aktuallığı: Qarabağda aparılacaq arxeoloji tədqiqatlar üzrə”) və digər arxeoloqlar, etnoqraflar və numizmatlar öz məruzələrini iştirakçıların diqqətinə çatdırıblar.
Konfransa təqdim olunmuş 60-a yaxın məruzədə Qarabağda aparılacaq arxeoloji və sosial antropoloji tədqiqatların prioritet istiqamətləri öz əksini tapıb.