Qaradağ rayonunda daş karxanasında işçinin ölməsi ilə bağlı cinayət işi başlanıb
Bakı, 29 mart, AZƏRTAC
Martın 27-də saat 05 radələrində Qaradağ rayonunun Korgöz qəsəbəsi ərazisində daş karxanasında mişar daşı idarə edən kombanyor 1964-cü il təvəllüdlü Balafər Əmirovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qaradağ Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla kombayn mişarının Balafər Əmirovun baş nahiyəsini kəsməsi nəticəsində onun hadisə yerində öldüyü müəyyənləşdirilib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri tədbirlər yerinə yetirilib.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.