QAXDA KEÇİRİLƏN TƏDBİRLƏR BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN GÜNÜNƏ HƏSR OLUNMUŞDUR
5 mart - Bədən Tərbiyəsi və İdman günü ilə əlaqədar Qax rayonunda müxtəlif idman yarışları, birinciliklər və bayram tədbirləri keçirilmişdir.
Rayon gənclər və idman idarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, tədbirlər planına uyğun olaraq, martın 1-də 27 məktəb komandasının iştirakı ilə keçirilən “Cəsurlar” hərbi idman oyununun rayon turuna yekun vurulmuşdur. Martın 2-3-də şəhər stadionunda məktəblilər arasında idmanın basketbol, şahmat, güləş və qaçış növləri üzrə rayon birincilikləri keçirilmişdir. Yarışlarda 500 nəfərdən artıq idmançı qüvvəsini sınamışdır.
Yarışların bağlanışına həsr olunmuş mərasimdə rayon icra hakimiyyəti başçısının müavini Ziyafət Xasıyeva, gənclər və idman idarəsinin rəis müavini Elbrus Tağıyev və digər qonaqlar çıxış edərək rayonun idman ictimaiyyətini 5 mart - Bədən Tərbiyəsi və İdman günü münasibətilə təbrik etmiş, 2007-ci ildə idmançıların qazandıqları uğurlar barədə danışmış, qarşıda duran vəzifələrdən söhbət açmışlar.
Tədbirin sonunda Bədən Tərbiyəsi və İdman günü münasibətilə keçirilmiş rayon birinciliklərinin qaliblərinə diplom və fəxri fərmanlar təqdim olunmuşdur.