REGİONLAR
Qaxda sərbəst güləş üzrə birincilik keçirilib
Qax, 13 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Oktyabrın 13-də Qax Olimpiya İdman Kompleksində dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan Prezidenti kimi fəaliyyətinin 20-ci ildönümünə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə rayon birinciliyi keçirilib. Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatının təşkilatçılığı ilə keçirilən yarışda 34 yeniyetmə idmançı mübarizə aparıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, birinciliyin açılış mərasiminin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev çıxış edərək, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə qazandığı uğurlardan, ölkəmizdə idmanın inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb, yarış iştirakçılarına uğurlar arzulayıb.
Sonra idmançılar xalça üzərinə dəvət olunublar.
Birinciliyin qalibləri YAP rayon təşkilatı tərəfindən medal və diplomlarla mükafatlandırılıblar.