Qayıdış qəsəbələrində aztəminatlı ailələrə ərzaq yardımı paylanılıb
Füzuli, 13 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, respublikamızın hər yerində olduğu kimi, Füzuli rayonunda da koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması, xüsusi karantin rejiminin tələblərinə ciddi əməl olunması məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirilir, maarifləndirmə işləri aparılır.
Karantin rejimi zamanı ən çox çətinlik çəkən insanlar tənha yaşayan, yaşı 65-dən yuxarı olan vətəndaşlardır. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun müxtəlif yaşayış məntəqələrində tənha yaşayan, yaşı 65-dən yuxarı olan vətəndaşların siyahısı hazırlanıb və vaxtaşırı olaraq onlara baş çəkilir, ərzaq yardımı və tibbi ləvazimatlar çatdırılır, digər köməklik göstərilir.
Rayon icra hakimiyyətinin rəhbərliyi və aparatın əməkdaşları həftəsonu Qayıdış-1, 3, 4 qəsəbələrində yaşayan yaşı 65-dən yuxarı olan şəxslərə və aztəminatlı ailələrə baş çəkərək, onlara ərzaq bağlamaları və tibbi ləvazimatlar çatdırıblar. Bu nəcib təşəbbüsü razılıq hissi ilə qarşılayan ahıl vətəndaşlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev qəsəbələrdə xüsusi karantin rejiminin tələblərinə riayət olunmasının monitorinqini aparıb, insanlara karantin rejiminin tələblərinə ciddi riayət etmələrini, özlərinin və ailələrinin sağlamlığı üçün milli həmrəylik nümayiş etdirərək, evdə qalmalarını tövsiyə edib.
Füzuli rayonunda koronavirus epidemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə rayon icra hakimiyyətinin, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, bələdiyyələrin əməkdaşlarından, yerli könüllülərdən və ictimaiyyət fəallarından təşkil olunan mobil qrupların fəaliyyəti daha da gücləndirilib. Rayonun bütün yaşayış məntəqələrində koronavirus infeksiyasına qarşı mütəmadi dezinfeksiya işləri aparılır, virusdan müdafiə olunmaq qaydalarını özündə əks etdirən xüsusi elanlar ailələrə çatdırılır, səs gücləndiricilər vasitəsilə insanlara zərurət olmadıqda çölə çıxmamaları, şəxsi gigiyena qaydalarına ciddi riayət etmələri və evda qalmaları izah edilir.