Qazaxıstanın Aktau limanı potensialını artırır
Astana, 24 iyun, AZƏRTAC
Aktau dəniz limanında liman akvatoriyasında dibdərinləşdirmə layihəsinin icrası davam etdirilir. Layihə gəmiçiliyin təhlükəsizliyinin artırılmasına və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun buraxılış qabiliyyətinin genişləndirilməsinə yönəlib.
AZƏRTAC Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, layihənin baş podratçısı “China Harbour Engineering Company Ltd.” şirkətidir. Hazırda layihənin icrası üçün zəruri olan geodeziya tədqiqatları başa çatdırılıb.
Əsas dibdərinləşdirmə işlərinə cari ilin iyul ayının ikinci yarısında başlanılması planlaşdırılır. Layihənin bu ilin sonunadək tam başa çatdırılması nəzərdə tutulur.
İşlərin yekununda liman akvatoriyasında gəmilərin keçid suya oturumu 6-7 metrə çatdırılacaq. Bu, gəmilərin tam yüklənməsini təmin etməyə və yüklərin aşırılması səmərəliliyini artırmağa imkan verəcək.
Layihə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialının artırılmasına töhfə verəcək. 2028-ci ilədək marşrutun daşıma gücünün 6 milyon tondan 10 milyon tona çatdırılması planlaşdırılır.
2026-cı ilin beş ayında Çin - Avropa istiqamətində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə konteyner daşımalarının həcmi 30 faiz artıb.