REGİONLAR
Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda arxeoloji qazıntı işlərinə başlanılıb
Qəbələ, 14 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Qəbələ arxeoloji ekspedisiyası tarix elmləri doktoru, professor Qafar Cəbiyevin rəhbərliyi altında Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun “Qala” ərazisində arxeoloji qazıntı işlərinə başlayıb. Məqsəd əvvəlki illərdə tədqiqinə başlanmış IX qazıntı sahəsində şəhərin daha erkən dövrlərinə aid alt yaşayış qatlarını öyrənməkdir. Ekspedisiya bir ay ərzində tədqiqatları davam etdirəcək.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə qoruğun direktoru Zahir Kərimov məlumat verib.
Direktorun sözlərinə görə, Qala ərazisində qədim Qəbələ şəhər yerinin digər əraziləri ilə müqayisədə daha uzunmüddətli və intensiv yaşayış olub. Orada həm antik, erkən orta əsrlər, orta əsrlər, həm də son orta əsrlər dövrünə aid üst-üstə bir neçə mədəni təbəqə - yaşayış qatı mövcuddur. Həmin təbəqələrin hər birində şəhər həyatının müxtəlif dövrlərini özündə əks etdirən olduqca zəngin və rəngarəng çeşidli maddi mədəniyyət qalıqları qeydə alınıb.
Ekspedisiya rəhbərliyi əvvəlki illərdə olduğu kimi, bu il də aşkar edilən yeni maddi mədəniyyət qalıqlarını Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna təhvil verməklə, onların Qəbələ Arxeoloji Mərkəzində nümayiş olunmasını məqsədəuyğun hesab edir.