Qəbələdə baş verən qəzada 5 nəfər xəsarət alıb - YENİLƏNİB VİDEO
Qəbələ, 20 oktyabr, AZƏRTAC
Günorta saatlarında Qəbələ rayonunun Nohur göl ərazisindən keçən yolda baş verən qəza nəticəsində 5 nəfər (2 kişi, 3 qadın) təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qəbələ Rayon Mərkəzi Xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yaralılara bədənin müxtəlif nahiyələrinin travması və sınıqları, qabırğaların, alının açıq yaraları diaqnozları təyin olunub və onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Xəsarət alanlardan 2 nəfərin (1 kişi, 1 qadın) vəziyyəti ağır, 1 nəfərin (qadın) orta ağır, 1 nəfərin (qadın) vəziyyəti stabil qiymətləndirilir və müvafiq şöbələrdə müalicələri davam etdirilir. Bir nəfər isə (qadın) göstərilən tibbi xidmətlərdən sonra ambulator müalicə üçün evə buraxılıb.
15:58
Qaraməryəm-İsmayıllı-Qəbələ avtomobil yolunun Qəbələ rayonunun Nohur göl ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qəbələ şəhəri istiqamətində hərəkət edən “VAZ 2106” markalı avtomobil əks istiqamətdə gedən “Opel” markalı avtomobillə toqquşub. Qəza nəticəsində avtomobillərdə olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının köməyi ilə yaralılar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Baş vermiş qəza ilə bağlı araşdırma aparılır.