Qəbələdə uşu üzrə açıq turnirin qalibləri müəyyənləşib
Bakı, 30 avqust, AZƏRTAC
Qəbələ Olimpiya İdman Kompleksində keçirilən və Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş zabit və əsgərlərimizin əziz xatirəsinə həsr edilən uşu üzrə açıq turnirə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Uşu Federasiyasının birgə təşəbbüsü ilə təşkil edilən turnirə 200-yə yaxın yeniyetmə və gənc idmançı qatılıb.
Yarışda “Arktika” klubunun idmançıları bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. “Məhəmmədi Anar” klubu ikinci, Göyçay komandası isə üçüncü pillədə qərarlaşıblar. Turnirdə Bakı, Gəncə, Samux, Göyçay, Ucar, Bərdə və Şəki komandaları iştirak ediblər.