Qəbələdə Vətən müharibəsi qaziləri evlərində ziyarət olunub
Qəbələ, 25 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı yaralanmış Vətən müharibəsinin qaziləri ölkənin hər yerində olduğu kimi, Qəbələ rayonunda da hər zaman diqqət və qayğı ilə əhatə olunublar. Rayon icra hakimiyyətinin rəhbər şəxsləri ağır döyüşlərdən sonra evlərinə qayıdan müharibə qazilərinə mütəmadi olaraq baş çəkir, onlarla həmsöhbət olur, müalicələri ilə maraqlanır, qazi ailələrinə ərzaq yardımları çatdırırlar.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu günlərdə Vətən müharibəsi qazilərindən Çarxana kəndindən Yusifli Taleh Adil oğlu, Nic qəsəbəsindən Mustafayev Orxan Elxan oğlu, Əhmədov Şahin Fazil oğlu və İslamlı Nicat Şahid oğlu evlərində ziyarət olunublar.
Qeyd edək ki, indiyədək rayonun rəhbər şəxsləri tərəfindən 41 nəfərədək müharibə qazisinə baş çəkilib, onların ehtiyacları öyrənilib, diqqət və qayğı göstərilib.
Görüşlərdə Azərbaycan Ordusunun düşmən üzərindəki inamlı qələbəsindən, əsgər və zabitlərimizin qəhrəmanlığından söz açılıb, Ermənistan silahlı birləşmələri üzərində qazanılan Qələbəyə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli ordumuza dərin minnətdarlıq ifadə olunub.