Qəbələdə Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib
Qəbələ, 11 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır. Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə əldə edib, 30 il işğal altında olan Vətən torpaqları erməni faşizmindən birdəfəlik azad olunub. Böyük zəfərlə sona çatan Vətən müharibəsində qədim Qəbələ diyarının qəhrəman oğulları da rəşadətlə vuruşub, şəhidlər veriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qarabağ uğrunda gedən döyüşlərdə canlarını fəda verən şəhidlərin əziz xatirəsi Qəbələ rayonunda da hər zaman ehtiramla anılır. Qəbələ Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının və digər dövlət qurumlarının rəhbərləri Vətən müharibəsində canlarını qurban vermiş qəhrəman oğulların məzarlarını ziyarət edib, şəhidlərin əziz xatirəsinə sonsuz ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri düzüblər.