Qəhvəyi mərmər bağacığı ilə mübarizə məqsədilə 26 minə yaxın feromon tələ quraşdırılıb
Bakı, 26 avqust, AZƏRTAC
Ölkə ərazisində qəhvəyi mərmər bağacığının yayılmasının qarşısını almaq üçün kompleks bitki mühafizəsi tədbirləri davam edir. Məsələ ilə bağlı Nazirlər Kabinetinin Sərəncamından irəli gələrək yaradılan İşçi qrupun növbəti iclası Xaçmazda keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, aidiyyəti qurumların və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirak etdikləri iclasda qarşıdakı dövr üzrə görüləcək tədbirlər və əsas fəaliyyət istiqamətləri müzakirə edilib.
Tədbirdə qəhvəyi mərmər bağacığı ilə bağlı həyata keçirilən monitorinq, mübarizə və maarifləndirmə tədbirləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, may ayından etibarən respublika üzrə ümumilikdə 896 yaşayış məntəqəsində 26 minə yaxın feromon tələ quraşdırılıb, aparılan müşahidələr nəticəsində 30 mindən çox bağacıq aşkarlanaraq məhv edilib. Bununla yanaşı, zərərvericinin kütləvi müşahidə olunduğu təsərrüfat sahələrində və digər ərazilərdə kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
İclasda zərərvericinin potensial qışlama ocaqlarının nəzarətdə saxlanılması, yeni ərazilərə yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin davam etdirilməsi məsələləri müzakirə olunub. Eyni zamanda, bu istiqamətdə aidiyyəti qurumlar arasında koordinasiyanın daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.
Bununla yanaşı, regionda meyvə bağlarında aparılan monitorinqlər zamanı aşkarlanan karantin tətbiq edilən virus və göbələk mənşəli xəstəliklərlə bağlı mövcud vəziyyət, onların yayılmasının qarşısının alınması və müvafiq fitosanitar tədbirlərin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.