Qənirə Paşayeva: Qərbi azərbaycanlıların dədə-baba torpaqlarına qayıtmalarına imkan verilməlidir
Bakı, 28 dekabr, AZƏRTAC
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dekabrın 24-də öz ad günündə Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşündəki nitqinə dair rəylər, açıqlamalar, müsahibələr Azərbaycan gündəmində əsas mövzudur.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
Komitə sədri vaxtilə Qarabağ İcmasının və Şuşa Şəhər İcra Hakimiyyətinin yerləşdiyi binanın Qərbi Azərbaycan İcmasının ixtiyarına verilməsinin mühüm hadisə olduğunu bildirib: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, vaxt gələcək, 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının qərargahında verilmiş ismarışların da həyata keçməsinin sevincini, fərəhini bölüşəcəyik. Ermənistan siyasi rəhbərliyi, dünya erməniliyi və erməni havadarları anlamalıdırlar ki, haqsızlıq, ədalətsizlik, ikili standartlar, ən adi insan hüquqlarına arxa çevirməklə həmişə illüziya yaratmaq mümkün olmayacaq. Qərbi azərbaycanlıların dədə-baba torpaqlarına qayıtmalarına dinc yolla imkan verilməlidir. Ən azı 1988-ci ildə doğma torpaqlarından didərgin salınmış 300 minə yaxın azərbaycanlı ilkin mərhələdə öz yurdlarına qayıtmalıdır. Ümumiyyətlə, Ermənistan ərazisinin başdan-başa əzəli Azərbaycan torpaqları olduğu bir həqiqət, tarixi gerçəklikdir.
Bizim tarixi torpaqlarımızda dövlət quran Ermənistan anlamalıdır ki, onun qarşısında qalib Azərbaycan vardır. Tarixi silmək mümkün deyil, mövcud xəritələr hər şeyi deyir”.
Qərbi Azərbaycana qayıdışın yol xəritəsinin artıq hazır olduğunu bildirən Q.Paşayeva deyib: “Yol xəritəsini Prezident, Müzəffər Ali Baş Komandan zərgər dəqiqliyi ilə cızdı. İş məqsədyönlü şəkildə, nəticəyə hesablanmış tərzdə aparılacaq. İlk növbədə, Qərbi Azərbaycanla bağlı həqiqətlər dünya ictimaiyyətinə sistemli şəkildə çatdırılacaq. Bu işlər elmi, siyasi-diplomatik müstəvidə davam və inkişaf etdiriləcək. Hüquqi müstəvidə bütün lazımi tədbirlər görüləcək.
XX əsrdə xalqımızın çəkdiyi əzablar haqqında dünya ictimaiyyətinə daha geniş məlumat verilməlidir. Biz hər zaman həqiqəti deyirik. Azad edilmiş torpaqlara gələn on minlərlə xarici vətəndaş bu gün artıq öz gözləri ilə görür ki, xalqımız hansı vəhşiliklərə məruz qalıb”.
Komitə sədrinin sözlərinə görə, Qərbi azərbaycanlıların haqq-hüquqları bərpa edilməlidir, onlar dədə-baba yurdlarına, öz ev-eşiklərinə qayıtmalıdırlar. Qərbi Azərbaycan İcmasının qarşısında mühüm vəzifələr durur. Həqiqətlər dünyaya çatdırılmalı, ermənilər tərəfindən dağıdılan tarixi abidələrimiz, məscidlərimiz, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı faktlar öz əksini tapmalıdır.
“Bəli, milli dəyərlərə hər zaman sadiq qalan dövlətimizin başçısı builki ad gününü də xalqı ilə birlikdə keçirdi. Əvvəlki illərdə məcburi köçkünlərlə ad gününü qeyd edən Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcması ilə görüşü onun adət-ənənələrimizə və xalqımızın dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirdi”, - deyə Qənirə Paşayeva vurğulayıb.