Qərb bölgəsinə səyahət məktəbliyə unudulmaz anlar yaşadıb
Hər kəsin həyatında yaddaqalan anlar olur. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində respublikamızın qərb bölgəsinə etdiyimiz ekskursiya da mənə belə unudulmaz anlar yaşatdı.
Bu sözləri Gəncə-Şəmkir-Göygöl marşrutu ilə tur-aksiyada iştirak edən Bakının Xətai rayonundakı Heydər Əliyev adına liseyin X sinif şagirdi Fərid Hüseynov AZƏRTAC-a müsahibəsində deyib.
“Gəncə bölgəsini görmək mənim çoxdankı arzum idi. Üç gün müddətində bölgənin tarixi yerlərini gəzdik, maddi-mədəniyyət abidələrinə baxdıq. Olduğumuz yerlərdə xatirə şəkilləri çəkdirdik. Bakıya qayıdanda təəssüratlarımı dostlarımla hökmən bölüşəcəyəm. Bizə yaratdığı bu imkana görə Prezident İlham Əliyevə qrupumuzun üzvləri adından minnətdarlığımı bildirirəm” - deyə Fərid Hüseynov qeyd edib .