Qərb ölkələrinin səfirləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
Bakı, 30 mart, AZƏRTAC
Martın 30-da Rusiyanın Xarici İşlər Nazirliyi rusiyalı diplomatları ölkələrindən çıxaran dövlətlərin səfirlərinə etiraz notası təqdim edəcək və cavab tədbirlərini açıqlayacaq.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Almaniya, Fransa, Polşa və İtaliyanın Moskvadakı səfirləri, həmçinin Niderland, Albaniya, Rumıniya, Ukrayna, Latviya, Litva, Avstraliya, Danimarka və Makedoniyanın diplomatik nümayəndəliklərinin rəhbərləri artıq Xarici İşlər Nazirliyinin mərkəzi binasına gəlib. Bir qədər əvvəl Böyük Britaniyanın diplomatik nümayəndəliyinin rəhbərləri nazirliyə gəlsə də, bunun səbəblərini açıqlamayıb.
Xatırladaq ki, martın 29-da Rusiya ABŞ-ın Moskvadakı səfirliyinin 58 əməkdaşını və Yekaterinburq şəhərindəki Baş konsulluğunun 2 işçisini arzuolunmaz şəxs elan edib. Onlar aprelin 5-nə qədər ölkəni tərk etməlidir. Həmçinin Sankt-Peterburqda ABŞ-ın Baş konsulluğunun tikintisinə və maliyyəsinə razılıq da geri götürülüb.
Son məlumata görə, Rusiya bir sıra Avropa ölkələrinin diplomatlarını ölkədən çıxarır. Belə ki, İtaliya, Polşa, Litva, Latviya, Niderland, İsveç, Estoniya və Finlandiya RF ərazisini bir həftə ərzində tərk etməlidirlər. Bu qərar Rusiya diplomatlarının həmin ölkələrdən çıxarılmasına cavab tədbiri qismində qəbul olunub.