QEYRİ-ZORAKI “RƏNGLİ İNQİLABLAR” DALĞASI XƏZƏR DƏNİZİNİN SULARINDA QƏRQ OLDU
Diplomat müsahibəsində vurğulayır ki, çoxları Azərbaycanı Ukrayna, Gürcüstan və ya Qırğızıstan ilə müqayisə etməyə çalışır. Artıq belə müqayisə faktının özü kökündən düz deyildir. Bir ölkəni başqası ilə, yaxud bir xalqı digəri ilə necə müqayisə etmək olar? Görünür, belə müqayisə aparanlar indiyədək, hətta müvafiq ictimai rəy sorğuları keçirildikdən sonra da başa düşməmişlər ki, Azərbaycanda inqilab ovqatı yoxdur və ola da bilməz. Çünki hökumətlə xalq arasında normal qarşılıqlı münasibətlər mövcuddur. Xalq öz Prezidentinin tərəfindədir.
Sosial-iqtisadi problemlərin həll edilməsi, Azərbaycan xarici siyasətinin çoxvektorluğu, ölkənin coğrafi mövqeyi, habelə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan və Gürcüstan hissələrinin istifadəyə verilməsi, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi - bütün bunlar Azərbaycan xalqının öz Prezidenti İlham Əliyevə hörmət bəslədiyinə və bu hörmətin hakim partiyanın yenicə başa çatan parlament seçkilərində dəstəklənməsində də əksini tapdığına sübutdur.
Müsahibədə deyilir: “Bununla yanaşı, azərbaycanlılar hazırda radikal müxalifətin liderlərini - İsa Qəmbəri, Rəsul Quliyevi və başqalarını da unutmamışlar. Axı, onların çoxunun bunda təqsiri var ki, biz erməni təcavüzü nəticəsində ərazimizin 20 faizini itirmişik, 1 milyondan çox qaçqın-köçkün indiyədək ağır məişət şəraitində yaşayır. Xalq o vaxtlar Azərbaycanın necə iqtisadi vəziyyətdə olduğunu da xatırlayır.
Səfir hazırda Azərbaycan müxalifətinin nə kimi tədbirlər gördüyü və ölkədə “rəngli inqilab”ın nə dərəcədə mümkün olduğu barədə suala belə cavab vermişdir: Radikal müxalifətçilər ölkədə öz kütləvi aksiyalarını çətin ki, təşkil edə bilsinlər. Təcrübənin göstərdiyi kimi, onlar uzağı 3-5 min adam toplamağa qadirdirlər, bu isə Azərbaycanın 8 milyonluq əhalisinin rəyini qətiyyən əks etdirmir.
Oxucular Prezident İlham Əliyevin ölkədə azad, şəffaf və demokratik seçkilər keçirilməsi üçün şərait yaradılması, hakimiyyətin yuxarı dairələrindəki korrupsiyaçıların ifşa edilməsi sahəsində gördüyü fəal tədbirlər barədə, GUAM-ın perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və sairə barədə də məlumat almışlar.