Qışın ortasında bahar nəfəsi: Niderlanddan gətirilən lalələrin sirri - REPORTAJ VİDEO
Bakı, 6 fevral, Aysel Azadqızı, İlham Nadirov, Orxan Kərimov, AZƏRTAC
Çöldə qışın soyuğu hiss olunsa da, bu qapıdan içəri girən hər kəs özünü rəngarəng bir bahar nağılında hiss edir. Bura Maştağa qəsəbəsində lalələrin yetişdirildiyi istixanadır. Minlərlə qırmızı, sarı, bənövşəyi və çəhrayı lalənin eyni anda boy atdığı bu məkanda iş heç vaxt dayanmır.
AZƏRTAC-ın əməkdaşları istixanada bu zərif çiçəyin soğanağının əkilməsindən yığım mərhələsinə qədər keçdiyi uzun və maraqlı yol ilə tanış olublar və görülən işləri yaxından müşahidə ediblər.
İstixananın mütəxəssisi Pakizə Musayeva deyir ki, hazırlıqlara hələ noyabr ayından başlayırlar. Prosesin ən mühüm detalı isə lalələrin torpaqda deyil, suda, yəni hidroponika üsulu ilə yetişdirilməsidir: “Bizim lalə soğanaqlarımızın hamısı Niderlanddan gətirilir. Noyabrda əkinə başlayırıq. Soğanaqları əkdikdən sonra onları xüsusi soyuduculara yerləşdiririk. Burada onlar 4 həftə qalmalıdır. Əsas məqsədimiz soğanağın cücərməsi deyil, köklənməsidir. Əgər köklər hidroponikanın dibinə qədər uzanıbsa, deməli, gül artıq istixana şəraitinə hazırdır”.

Soyuducudan çıxan güllər üçün istixana dövrü başlayır. Burada temperatur rejimi xüsusi tənzimlənir. Çiçəklər üçün gündüz 15-16 dərəcə, gecə isə 13-14 dərəcə istilik saxlanılmalıdır. Pakizə xanımın sözlərinə görə, temperaturun 20 dərəcəyə qalxması güllər üçün zərərlidir. Bu səbəbdən bir nəfər mütəxəssis gün boyu yalnız temperaturun sabitliyinə nəzarət edir.

Güllərin sürətlə açılmaması və küləkdən qorunması üçün xüsusi havalandırma və kölgəlik sistemləri tətbiq olunur. Lalələr hər gün təzələnən suyun içində damlama üsulu ilə suvarılır və niderlandlı aqronomların nəzarəti altında inkişaf edir. Köklənmə prosesindən gül açma mərhələsinə qədər olan müddət isə cəmi 21 gün vaxt alır.

Çox vaxt alıcılar lalələrin tez solmasından şikayət edirlər. Lakin Pakizə xanım bildirir ki, ev şəraitində bu gülləri daha uzun saxlamaq istəyənlər onları sərin yerdə saxlamalıdırlar. Soğanaqlı alınan lalələr 15 gün, hətta 1 ay belə güldanda qala bilir.

Pakizə xanım bizimlə maraqlı bir sirri də bölüşür. Əgər evdə gülləriniz solubsa, onu dərhal atmayın: “Biz bunu yoxlamışıq və çox effektlidir. Solan gülün saplağını (ayağını) bir az kəsib birbaşa qaynar suya atsanız, gülün dərhal canlandığını görəcəksiniz”.

Qışın şaxtalı havasına öz parlaq rəngləri ilə meydan oxuyan bu çiçəklər həm də böyük bir zəhmətin bəhrəsidir. Biz də payımıza düşən bahar ətrini və rəngarəng kadrları götürüb bu nağıllar aləmindən ayrılırıq.
