Qiyməti 5–10 manat arasında dəyişir - alıcı marağı böyükdür VİDEO
Lənkəran, 4 dekabr, İlkin Adıyev, AZƏRTAC
Ölkəmizdə sitrusçuluğun əsas mərkəzlərindən biri kimi tanınan Lənkəranda artıq bir neçə ildir subtropik bitki olan hallabonq (dekopon) meyvəsi yetişdirilir. Cənubi Koreyada xüsusi seleksiya yolu ilə əldə olunan bu meyvə aromatik dadı, şirəliliyi və yüksək məhsuldarlığı ilə seçildiyi üçün dünya bazarında böyük tələbat var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hallabonq meyvəsi digər sitrus növlərindən həm dad xüsusiyyətləri, həm də məhsuldarlığı ilə fərqlənir. Meyvənin iri ölçülü olması, yüngül şirin-turş dadı və uzun müddət təravətli qalması onu fermerlər üçün daha sərfəli edir.
Hallabonq meyvəsi ölkəmizdə ilk dəfə olaraq Lənkəranda əkilib. Bu bitki ikinci ildən etibarən məhsul verməyə başlayır və əsasən qış mövsümündə dərilir. İlk illərin nəticələri fermerlərin gözləntilərini doğrultduğu üçün məhsuldarlıq ürəkaçan hesab edilib. Bununla əlaqədar olaraq, hallabonq bağlarının sahəsi hər il genişləndirilib və bölgədə bu meyvənin yetişdirilməsi getdikcə daha böyük miqyas alıb.
Aqronom Elgiz Vəliyev bildirir ki, hallabonq ağacları Lənkəranın iqlim şəraitinə gözləniləndən daha sürətlə uyğunlaşıb və bitkinin inkişaf dinamikası yüksək məhsuldarlıq üçün əlverişli əsaslar yaradıb. Onun sözlərinə görə, bu meyvənin həm dad keyfiyyətləri, həm də saxlanma müddətinin uzun olması fermerlərin diqqətini cəlb edir və gələcəkdə bölgədə daha geniş ərazilərdə əkilməsi planlaşdırılır.
“Hallabonqun üstünlüyü ondadır ki, həm iri və şirəli olur, həm də yığılandan sonra uzun müddət xarab olmur. Bu isə bazarda rəqabət imkanlarını artırır. Daxili bazarda da maraq böyükdür, alıcılar dadını çox bəyənirlər. Bizim bağlarda yetişən hallabonqların çəkisi adətən 350–400 qram olur, amma bəzən 500 qramlıq nümunələr də əldə edirik ki, bu da çox yüksək göstəricidir. Yığım prosesi isə dekabr ayının sonlarından başlayır və təxminən bir ay davam edir. Bazarda qiyməti 5–10 manat arasında dəyişir və alıcı marağı kifayət qədər böyükdür. Buna görə də gələcəkdə daha geniş ərazilərdə əkilməsini nəzərdə tuturuq”, - deyə o vurğulayır.
Elgiz Vəliyev onu da əlavə edir ki, hallabonqun ən böyük üstünlüklərdən biri onun naringi və portağal mövsümü bitdikdən xeyli sonra yetişməsidir. Yəni bazarda sitrus meyvəsinə ehtiyacın ən çox olduğu dövrdə məhsul əldə edilir. Bu da həm satış baxımından, həm də təsərrüfatın gəlirliliyinə görə böyük üstünlükdür.
Qeyd edək ki, hallabonqun tərkibi insan orqanizmi üçün vacib olan vitaminlərlə zəngindir. Meyvə əsasən diş tökülməsinin və şəkər xəstəliyinin qarşısını almaq baxımından xeyirlidir. Meyvə insan orqanizmindəki zərərli maddələrin, müxtəlif xəstəliklərin qarşısını alır.