QİYMƏTLİ KAĞIZLARIN ALQI-SATQISINA DAİR YENİ QAYDALAR TƏSDİQ EDİLMİŞDİR
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, bu Qaydalara əsasən, adlı sənədli qiymətli kağızların sahibi mülkiyyətində olan qiymətli kağızlarla əqdlərin bağlanması hüququnu yalnız həmin qiymətli kağızların sertifikatının öz adına rəsmiləşdirilməsindən sonra əldə edir.
Qiymətli kağızların sahibi qiymətli kağızlarının hamısını və ya bir hissəsini bir müştəriyə, yaxud bir neçə müştəriyə özgənikiləşdirdikdə, qiymətli kağızları satan və alan şəxslər qiymətli kağızların sertifikatını və reyestrindən çıxarışı (reyestr emitent tərəfindən aparılmadıqda) emitentə alqı-satqı müqaviləsində göstərilən müddətdə təqdim etməlidirlər.
Emitent yeni sertifikatların qiymətli kağızların sahiblərinin adına rəsmiləşdirilməsini və təqdim edilməsini 10 iş günü ərzində təmin etməlidir.
Qiymətli kağızların reyestri emitent tərəfindən aparılmadıqda, sertifikatın qəbul, yaxud ləğv olunması və yeni sertifikatın təqdim edilməsi reyestrsaxlayan tərəfindən həyata keçirilə bilər. Bu hal reyestrsaxlayanın emitentlə bağladığı müqavilədə əks olunmalıdır.
Sənəddə, həmçinin qiymətli kağızların sertifikatının ləğv edilməsi qaydaları da göstərilmişdir.
Etibarsız hesab edilən qiymətli kağızların sertifikatının saxlanılması və fiziki ləğv edilməsi Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun qaydada həyata keçirilir.