“Qız qalası” ekran əsəri kinosevərlərin ixtiyarına verilir
Bakı, 5 mart, AZƏRTAC
Bədii filmlərin ölkələrin tarix və mədəniyyətini tanıtmaq baxımdan əhəmiyyətli rolunu, onların geniş tamaşaçı kütləsinə xitab etməsini nəzərə alan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycanın incisi olan İçərişəhəri və qədim tarixi məkan olan Qala kəndini tam metrajlı bədii film vasitəsilə təbliğ etmək qərarına gəlib.
Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, bununla bağlı olaraq ötən ilin yay aylarından etibarən “Kintamani” şirkəti ilə əməkdaşlıq çərçivəsində ekranlaşdırılan “Qız qalası” bədii filmi martın 7-dən kinoteatrlarda nümayiş olunacaq.
Ekran əsərində rollarda Elməddin Cəfərov, Kəmalə Piriyeva, Çinarə Məlikzadə, Ziya Ağa, Tural Əzizov və həmçinin iranlı aktyor Reza Naji çəkilib.
Çəkiliş meydançası olaraq İçərişəhərin abidələr və küçələri və Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisi diqqət mərkəzində olub.
Filmin “Qız qalası” adlanmasının səbəbi bu tarixi abidənin sadəcə paytaxtımızın deyil, ölkəmizin simvolu olmaqla bərabər, dünya səviyyəsində tanınması, eyni zamanda, bu abidənin adının tarix boyu qəhrəmanlıq və sevgi dastanları ilə birgə çəkilməsidir.
Filmin ssenarisi həm qəhrəmanlıq, həm sevgi, eyni zamanda, qədim dövrlə müasirliyin çalarlarını özündə ehtiva edir. Belə ki, filmdə cərəyan edən hadisələrin mərkəzində bir-birini sevən, lakin qovuşa bilməyən iki gənc - Tuncay və Aytəkinin bir-birinə sonsuz məhəbbəti durur. Onların hicranına səbəb isə Aytəkinin şah qızı, Tuncayın sadə bir həkkak olmasıdır. Bu məsələ ilə paralel olan digər məsələ Tuncayın bir şamanı özünə şagird götürməsidir. Məhz hadisələr də bundan sonra baş verir. Tuncay möcüzə nəticəsində min il sonraya - müasir Bakıya varid olur və sevdiyi qızı da, onun atasını da tapmağa müvəffəq olur. Bəs bu min il ərzində Bakıda nələr dəyişib? Qəhrəmanımız ona tamamilə yad olan şəraitdə, zamanın burulğanında sevdiyi xanıma qovuşa biləcəkmi?
Qeyd edək ki, ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənəsinin daha geniş tamaşaçı kütləsinə tanıdılması məqsədilə filmin xarici ölkələrdə də təbliği nəzərdə tutulur.