“QIZIL MİNBƏR” İSLAMIN HƏQİQİ DƏYƏRLƏRİNİ TƏBLİĞ EDİR
AZƏRTAC xəbər verir ki, Tatarıstan Prezidenti Mintimer Şaymiyevin festival iştirakçılarına müraciətində deyilir ki, Kazanın 1000 illik yubileyi ilə eyni vaxtda meydana gəlmiş festival bir çox ölkələrin kinematoqrafçıları arasında geniş şöhrət qazanmışdır. “Dini dözümlülük və siyasi nəzakət” devizi müasir dünyanın reallıqlarından, konfessiyalararası və millətlərarası həmrəyliyin möhkəmləndirilməsi, Rusiyada və dünya birliyində İslam, müsəlman dəyərləri və mədəniyyəti barədə obyektiv rəy yaradılması, kinematoqrafçılar arasında dostluğun, yaradıcılıq əməkdaşlığının inkişaf etdirilməsi zərurətindən irəli gəlmişdir.
Festivalın prezidenti, Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin bildirmişdir ki, “Qızıl minbər”in məqsədi yüksək mənəvi və əxlaqi təmizliyin, habelə İslamın həqiqi dəyərlərinin və müsbət müsəlman obrazının təbliğidir.
Münsiflər heyətinə və tamaşaçılara 34 film, o cümlədən 13 bədii, 16 sənədli və 5 animasiya filmi təqdim ediləcəkdir. Fələstin rejissoru Hani Abu Əsədin müsabiqədənkənar göstərilən “Cənnət indidir” filmi xüsusi maraq doğurmuşdur. Filmin çəkilişlərində Fələstin, Fransa, Almaniya və Niderland kinematoqrafçıları iştirak etmişlər.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin kinemotoqrafiya şöbəsinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ölkəmizi festivalda rejissor Nicat Feyzullayevin “Küçələrə su səpmişəm” (ssenari müəllifi İsi Məlikzadə) filmi təmsil edəcəkdir.
Festivalın təntənəli bağlanış mərasimi sentaybrın 15-də keçiriləcəkdir. Qalibləri 2 milyon rubl məbləğində bir, hər biri 500 min rubl məbləğində iki mükafat və Tatarıstan Respublikası Kinematoqrafçılar İttifaqının iki xüsusi mükafatı gözləyir. Tatarıstan Prezidentinin də “Kino sənətində humanizmə görə” xüsusi mükafatı təsis edilmişdir. Müxtəlif nominasiyaların qaliblərinə 11 “Qızıl minbər” heykəlciyi təqdim olunacaqdır.