“Qlaukomanın müasir diaqnostikası və müalicəsi” mövzusunda elmi-praktik konfrans keçiriləcək
Bakı, 7 mart, AZƏRTAC
Martın 10-da Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Beynəlxalq Qlaukoma Həftəsi çərçivəsində “Qlaukomanın müasir diaqnostikası və müalicəsi” mövzusunda elmi-praktik konfransı keçiriləcək. Konfransda qlaukomanın müasir diaqnostik təhlilindən, onun müalicəsindən danışılacaq, xəstəliklərin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılacaq.
Mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən AZƏRTAC-a bildirilib ki, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilən konfransda Türkiyədən, regionlardan, mərkəzdən və digər təşkilatlardan həkim heyəti iştirak edəcək.
Tədbiri akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımov giriş sözü ilə açıq elan edəcək.
Konfransda “Pediatrik afakik qlaukoma”, “Oftalmohipertenziya. Diqqətdən kənar qalan nədir?”, “Qlaukoma üzrə klinik halların təqdimatında interaktiv texnologiyaların tətbiqi”, “Uveal qlaukoma zamanı neyroprotektor terapiyanın tətbiqi”, “Oftalmoloji yardımın III etapında qlaukoma diaqnozu ilə pasiyentlərin klinik xüsusiyyətləri” və s. mövzularında çıxışlar dinləniləcək.
Xatırladaq ki, dünyanın bir çox ölkəsində qeyd edilən Beynəlxalq Qlaukoma Həftəsi bu il martın 12-dən 18-dək keçiriləcək. Qlaukoma Həftəsi Dünya Qlaukoma və Dünya Qlaukomalı Xəstələr assosiasiyaları arasında ortaq bir təşəbbüsdür.
Göz xəstəliklərindən biri olan və el arasında “qara su” xəstəliyi adlandırılan qlaukoma gözdaxili mayenin axınının pozulması nəticəsində baş verir. Xəstəliyin yaranmasında əsas risk amili gözdaxili təzyiqin yüksəlməsidir. Bundan başqa, yaş faktoru da qlaukomanın yaranmasına təsir edən səbəblərdən biridir. “Qara su” xəstəliyi xroniki və proqressivləşən xəstəlikdir. Onu qeyri-düzgün müalicə etdikdə tam korluqla nəticələnə bilər. Qlaukoma xəstəliyi hər yaşda yarana bilər. Lakin xəstəliyə 40 yaşdan sonra daha çox rast gəlinir. Statistikaya görə, dünyada 100 milyondan çox insan qlaukomadan əziyyət çəkir. Demək olar ki, hər beş qlaukomalı xəstədən biri görmə qabiliyyətini tamamilə itirir. Avropa Qlaukoma Cəmiyyəti hər kəsə 40 yaşdan sonra ildə bir dəfə gözdaxili təzyiqini ölçdürməyi, nəslində qlaukoma xəstəliyi olan insanlara 35 yaşdan sonra ildə ən azı bir dəfə gözdaxili təzyiqlərini yoxlatdırmağı tövsiyə edir.
Azərbaycan səhiyyədə, xüsusilə də oftalmologiya sahəsində bir çox yeniliklərə imza atıb. Ölkəyə dəvət edilən peşəkar oftalmoloqlarla aparılan müzakirələrdə, paytaxtda və regionlarda keçirilən konfranslarda da əsas niyyət oftalmologiyanın beynəlxalq standartlara çatdırılmasıdır. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə keçirilən beynəlxalq və elmi konfranslar buna nümunədir.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində ölkəmizdə yeganə olan və ən müasir diaqnostik avadanlıqlarla təchiz olunmuş Qlaukoma Mərkəzi yaradılıb. Həmin mərkəzdə xəstəliyin nəinki vaxtında aşkarlanması, müalicəsi, o cümlədən bütün xəstələrin dispanser qeydiyyatı və daimi nəzarəti mümkündür.