CƏMİYYƏT
QMİ sədri BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi ilə görüşüb
Bakı, 26 noyabr, AZƏRTAC
Noyabrın 25-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumu çərçivəsində Portuqaliyada Alyansın ali nümayəndəsi Migel Anxel Moratinosla görüşüb.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Migel Anxel Moratinos A.Paşazadənin Portuqaliyanın Kaşkayş şəhərində keçirilən BMT-nin Sivilizasiyalar Alyansının “Sülhdə birlik - etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması” mövzusunda 10-cu yubiley Qlobal Forumunda iştirak etməsini yüksək dəyərləndirərək, QMİ sədrinin müdrik fikir və yanaşmalarının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Yenicə başa çatmış COP29 münasibətilə səmimi təbriklərini Azərbaycan Prezidentinə çatdırmağı şeyxülislamdan xahiş edən M.A.Moratinos BMT tədbirinin uğurlu təşkil olunduğunu vurğulayıb. Bildirib ki, müxtəlif fikirlərə baxmayaraq, COP29 Azərbaycanın ev sahibliyi ilə yüksək səviyyədə baş tutdu.
COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammitinin uğurla keçirilməsi münasibətilə A.Paşazadəni təbrik edən M.A.Moratinos şəxsən iştirak etdiyi bu tədbirlə bağlı müxtəlif iştirakçılardan və nümayəndə heyətlərindən müsbət rəylər aldığını məmnunluqla vurğulayıb. O, dini liderlərin Qarabağa səfərinin olduqca böyük əhəmiyyət kəsb etdiyini deyib. Qeyd edib ki, hər iki qlobal tədbir Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasətinin, qlobal təfəkkürünün məntiqi nəticəsi, uğurlu təzahürüdür.
Şeyxülislam A.Paşazadə öz növbəsində M.A.Moratinosa qlobal tədbirdə iştirakına görə minnətdarlığını ifadə edib. Həmçinin BMT-nin Baş katibi Antonio Quterreşə COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammitinə ünvanlı videomüraciətinə görə səmimi təşəkkürlərini bildirib.
M.A.Moratinos şeyxülislamın bu təşəkkürlərini X Qlobal Sammit çərçivəsində BMT Baş katibinə şəxsən bildirmək imkanına malik olacağını qeyd edib. O, şeyxülislamın “Bəşəriyyət naminə iyirmiillik dialoq: keçdiyimiz dərslər üzərində düşünmək və irəliyə doğru yol açmaq” mövzusunda ilk plenar toplantıda və “Dini məkanların mühafizəsi üzrə qlobal konfrans”da çıxışlar edəcəyinə toxunaraq, plenar toplantının mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.
BMT-nin Sivilizasiyalar Alyansının rəsmisinin Qarabağı tərk etmiş ermənilərin əcdadlarının qəbirlərini ziyarət edə biləcəkləri ilə bağlı sualına cavab olaraq bildirib ki, bu məsələ yalnız Azərbaycanın qanunvericiliyi çərçivəsində həllini tapa bilər.
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının yaranmasının iyirmi illiyinə həsr olunmuş X Qlobal Forumda gələcəkdə siyasi liderlərlə yanaşı, dini liderlərin də birgə iştirak edəcəkləri qlobal forum keçirilməsi və Alyans çərçivəsində dini liderlərin Məşvərət Şurasının yaradılması barədə təkliflərini irəli sürüb və Moratinos bu təklifləri təqdir edib, bəyəndiyini deyib.