Qobu musiqi məktəbində “Bura Vətəndir!” adlı tədbir keçirilib
Sumqayıt, 3 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Abşeron rayon Qobu qəsəbə Uşaq İncəsənət Məktəbində “Şuşa İli” çərçivəsində “Bura Vətəndir!” adlı tədbir keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qobu qəsəbə Uşaq İncəsənət Məktəbinin direktoru Azər Bayramov tədbir iştirakçılarını salamlayaraq, məktəbin fəaliyyətindən və uğurlarından danışıb.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev çıxışında Şuşa şəhərinin mədəniyyət paytaxtı elan olunmasından söz açıb. Bildirilib ki, İdarənin müəssisələrində, o cümlədən musiqi məktəblərində keçirilən tədbirlər şagirdlərin səhnə mədəniyyətinin, estetik zövqünün formalaşmasında əhəmiyyətli rol oynayır.
Tədbirin bədii hissəsində bir-birini əvəzləyən maraqlı kompozisiyalar nümayiş olunub.