Qobustan rayonunda arvadını bıçaqlayaraq öldürməkdə təqsirli bilinən şəxs barəsində cinayət işi başlanıb
Bakı, 29 mart, AZƏRTAC
Martın 28-də saat 18 radələrində Qobustan rayonunda 1986-cı il təvəllüdlü Rəsulova Billurə Ələkbər qızının üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkarlanması barədə rayon prokurorluğuna məlumat verilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1980-ci il təvəllüdlü Elnur Rəsulovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Billurə Rəsulovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Həmin hadisədən sonra Elnur Rüstəmov özünə bıçaqla xəsarətlər yetirib və hazırda o, Şamaxı Rayon Mərkəzi Xəstəxanasında stasionar müalicədədir.
Faktla bağlı Qobustan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.