Quba rayonunda qanunsuz ağac kəsməkdə şübhəli bilinən şəxs məsuliyyətə cəlb olunub
Bakı, 31 avqust, AZƏRTAC
Bəzi kütləvi informasiya vasitələrində Quba rayonunun Tülər kəndi ərazisində meşə ağaclarının qanunsuz kəsilərək odun materialı kimi istifadə edilməsi barədə məlumatlar yayılıb.
Quba Rayon Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, Tülər kənd sakini Yasər Baxışovun işlətdiyi taxta emalı sexinə baxış keçirilən zaman qanunsuz yolla əldə olunmuş odun materialı aşkarlanıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material üzrə Quba Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılıb.
Araşdırma zamanı Yasər Baxışovun kənd sakinlərinin həyətlərində kəsdiyi ağacları alması, özünə məxsus torpaq sahəsində olan köhnə ağacları kəsərək yerinə meyvə bağı salması, kəsdiyi ağacları taxta emalı sexində doğrayaraq yeşik taxtası düzəltməsi müəyyən edilib.
Yasər Baxışovun əməlində İnzibati Xətalar Məcəlləsinin 398-ci (qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma) maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri olduğu üçün, avqustun 27-də Quba rayon prokuroru tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılmaqla toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Quba Rayon Məhkəməsinə göndərilib.