QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINA TƏBRİK
Əziz bacı və qardaşlar!
Sizi dünya müsəlmanlarının müqəddəs Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti və işlərinizdə uğurlar arzulayıram.
Bu mübarək gündə islamın bir din kimi tamamlanıb insanlara bəxş edilməsi dünya sivilizasiyasının inkişafına həlledici təsir göstərmiş mühüm hadisə olmuşdur. Müsəlman xalqları uzun əsrlər boyu bu ilahi hikmətdən faydalanaraq yaşayıb yaratmış, bəşəriyyətin mənəvi dəyərlər xəzinəsinə öz layiqli töhfələrini vermişlər. Qurban bayramı həm də müsəlmanların bütün insanlara şəfqət və mərhəmət göstərmək, mürəkkəb məqamlarda düzgün mövqe seçmək, yüksək amallar naminə hər cür fədakarlığa hazır olmaq qabiliyyətini nümayiş etdirir. Öz milli-mənəvi və dini dəyərlərinə həmişə sadiq olan Azərbaycan xalqı bütün dünya müsəlmanları ilə birlikdə müqəddəs Qurban bayramını qardaşlıq, humanizm və bərabərlik rəmzi kimi hər il böyük sevinc və təntənə ilə qeyd edir.
Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini bu müqəddəs bayram günlərində ehtiramla yad edərək onlara Allahdan rəhmət diləyir, yaxınlarına və bütün xalqımıza səbir arzulayıram. Bayram təbriklərimi bütün müsəlman bacı və qardaşlarımıza, o cümlədən ölkəmizin hüdudlarından kənarda yaşayan hər bir soydaşımıza çatdırıram. Qoy doğma Azərbaycanımızın çiçəklənməsi naminə bayram günlərində edilən arzu və diləklər gerçəkləşsin, mübarək Qurban bayramı hər obaya, hər evə rahatlıq və əmin-amanlıq gətirsin, cəmiyyətdə həmrəyliyin daha da möhkəmlənməsinə öz töhfəsini versin!
Bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 yanvar 2005-ci il.