QUŞ QRİPİ QİÇS-DƏN TƏHLÜKƏLİDİR
Lakin həkimləri mutasiya edən virusun insanlar arasında pandemiyasının real perspektivləri daha çox narahat edir. DST-nin ekspertləri xəbərdarlıq edirlər ki, H5N1 quş qripi virusu hava-damcı yolu ilə ötürüldüyü üçün İÇV-dən daha çox təhlükəlidir.
Dünya 1968-ci ildən qlobal qrip pandemiyası ilə üzləşməmişdir. Ən dəhşətli qrip pandemiyası – “ispanka” isə 1918-ci ildə baş vermişdi. O, bütün dünyada təxminən 50 milyon adamın ölümünə səbəb olmuşdu. 2005-ci ilin payızında BMT ekspertləri proqnozlaşdırmışdılar ki, mutasiyaya uğrayan quş qripi 150 milyon adamın həyatına son qoya bilər.
DST-nin mətbuat katibi Mariya Çenq bildirmişdir ki, BMT pandemiya başlanmazdan əvvəl epidemiyanın baş qaldırdığı sahələri etibarlı surətdə ayırmaq üçün metodlar, habelə beynəlxalq təşkilatların virusların yoxlanılması və dava-dərmanın çatdırılması üzrə çevik fəaliyyət üsullarını işləyib hazırlayacağına ümid bəsləyir. Hazırda quş qripi virusu Afrika, Asiya, Avropa və Orta Şərqin 17 ölkəsində qeydə alınmışdır.